QAN YADDAŞI


20 Yanvar faciəsinin növbəti ildönümü Düşənbədə də qeyd olunub

Düşənbə, 18 yanvar, AZƏRTAC

Azərbaycanın Tacikistandakı səfirliyində “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Tacikistanın qəzet, jurnal və saytlarının redaktor və müxbirləri, tanınmış jurnalistlər və köşə yazarları iştirak ediblər.

Əvvəlcə 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ölkəmizin Tacikistandakı səfiri Həsən Məmmədzadə faciə barədə geniş məlumat verib, bu günün Azərbaycan xalqının öz milli dövlətçiliyinin yenidən bərpası uğrunda mübarizəsinin şanlı səhifələrindən biri olduğunu bildirib. Diplomat bu hadisəni xalqın milli təhtəlşüurunda yaşayan müstəqillik və demokratiya uğrunda apardığı mübarizədə dönməzliyin bütün dünyaya nümayişi kimi xarakterizə edib. Qeyd olunub ki, 20 Yanvar Azərbaycan tarixində qanlı səhifə olmaqla yanaşı, xalqın müstəqillik amalına, demokratik dəyərlərə çatmaq arzusuna, qəhrəmanlıq ənənələrinə sadiqliyini və Vətənin azadlığı uğrunda canından keçməyə hazır olduğunu totalitar sovet rejimini hər vəchlə saxlamağa çalışanlara bir daha nümayiş etdirib.

H.Məmmədzadə məhz ilk olaraq ümummilli lider Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən yerli KİV nümayəndələri keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və müstəqillik uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu amansız cinayəti sonradan 1990-cı ilin fevral ayında Tacikistanda da həyata keçirdiyini, xalqın qarşı-qarşıya qoyulduğunu və vətəndaş müharibəsi törədildiyini bildiriblər.

Sonda 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş etdirilib.

20 Yanvar faciəsi ilə bağlı “Asia-Plus”, “Avesta”, “Faraj”,”khabari-ruz” saytlarında və “Samak” qəzetində məqalələr dərc edilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.