QAN YADDAŞI
20 Yanvar faciəsinin qurbanları Azərbaycanın azadlığı uğrunda şəhid olublar
Bakı, 20 yanvar, AZƏRTAC
Mən 20 Yanvar hadisələrinin iştirakçısıyam. Həmin gün Bakıda dəhşətli qırğın, qanlı cinayət törədildi. Sovet qoşunlarının əliyalın insanlara necə qəddarlıqla atəş açmasının şahidi olduq. Həmin hadisələrdə öz canlarını qurban vermiş şəhidlərimiz heç vaxt yaddan çıxmayacaq. Şəhidlərimiz azadlığı öz canları, qanları bahasına aldılar. 20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır.
Bu sözləri 20 Yanvar meydanında faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarətə gələn Vasif Hidayətov AZƏRTAC-a müsahibəsində söyləyib.
V.Hidayətov deyib ki, bu faciəni heç vaxt unutmaq olmaz. Bu faciə qurbanları bizim azadlığımız uğrunda şəhid olublar. Həmin hadisələrdən sonra biz azadlığımızı və müstəqilliyimizi qazandıq. Bu faciəyə yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verildi.
“Bu gün gənclərimizin bu abidəni ziyarət etməsi bizi qürurlandırır. İnanıram ki, gənclərimiz bundan sonra da qəhrəman şəhidlərimizi heç vaxt unutmayacaq, onları daim dərin ehtiramla xatırlayacaqlar”, - deyə V.Hidayətov qeyd edib.