QAN YADDAŞI
20 Yanvar faciəsinin qurbanları Yekaterinburqda da ehtiramla yad edilib
Yekaterinburq, 21 yanvar, AZƏRTAC
Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir koronavirus pandemiyası ilə əlaqədar Yekaterinburq şəhərində tətbiq edilmiş qaydalara uyğun olaraq təşkil edilib. İştirakçılar əvvəlcə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra baş konsul İlqar İskəndərov bildirib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə sovet silahlı qüvvələri heç bir xəbərdarlıq etmədən Bakıya daxil olub, dinc əhaliyə qarşı hərbi texnika və müxtəlif silahlardan atəş açaraq yüzdən çox sakini, o cümlədən qadın və uşaqları qətlə yetiriblər. Baş vermiş hadisənin səhəri günü xalqımızın ümummilli lideri Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Bakı şəhərində törədilmiş hərbi cinayətə qarşı kəskin etirazını bildirib, günahkarların cəzalandırılmasını tələb edib.
Baş konsul gənc nəsli xalqımızın başına gələn bəlaları və ölkəmizin müstəqilliyi uğrunda həlak olan qəhrəmanlarımızı heç bir zaman unutmamağa, xalqımızın qəhrəmanlıq salnamasini nəsildən-nəslə ötürməyə çağırıb.
Qeyd edək Ki, 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Sverdlovsk vilayəti Qanunvericilik Məclisinin deputatı Mixail Zubarev Baş konsulluğun ünvanına başsağlığı məktub ünvanlayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq