REGİONLAR


20 Yanvar faciəsinin şahidi o vaxt keçirdiyi ağır, həm də şərəfli günlərə görə fəxr etdiyini söylədi

İsmayıllı, 17 yanvar, AZƏRTAC

Sovet imperiyası hərbi hissələrinin Bakıda törətdikləri 20 Yanvar faciəsi, dinc, əliyalın insanlara qarşı törədilən vəhşiliklər xalqımızın azadlıq ruhuna qarşı törədilən bir qəsd idi və bu gün faciənin şahidləri o dəhşətli gecənin acısını yaşamaqdadırlar. İsmayıllı rayonunun Diyallı kənd sakini, ikinci qrup əlil Əlizadə Səmədov da məhz belələrindəndir.

O, öz xatirələrini AZƏRTAC-ın bölgə müxbirinə danışaraq deyib: “O vaxt mən Xırdalandakı Plan-Uçot texnikumunda oxuyurdum və orada yataqxanada qalırdım. 1990-cı il yanvarın 19-da nahar vaxtı eşitdik ki, təpədən dırnağadək silahlanan rus hərbi hissələri Bakıya girəcək və azadlıq amalları ilə yaşayan əliyalın insanlara divan tutacaq. Hərbçilərin şəhərə girməsinə etiraz olaraq bütün tələbə yoldaşlarımla Biləcəri dairəsinə gəldik, şəhər sakinləri ilə birgə yolu kəsdik. Yanacaqdoldurma məntəqəsinin yanında sovet ordusunun BTR və BMP-lərdən ibarət hərbi texnikası və çoxsaylı əsgəri dayanmışdı. Onlar bizi vəhşicəsinə sıxışdıraraq indiki 20 Yanvar dairəsinə gətirdilər. Axşam idi. Qəflətən işıqlar söndü və dəhşətli gülləboran başlandı. Əliyalın insanlara qarşı atəş açılır, hərbi texnika birbaşa insanların üstünə sürülürdü. Səs-küy aləmi bürümüşdü. Ölənlər vardı. Yerə yıxılıb inildəyən yaralıları kənara çəkirdik. Qəflətən bədənimdə istilik hiss etdim. Mənə də güllə dəymişdi. Yerə yıxıldım. Yoldaşlarım məni yaxınlıqdakı yaşayış binasında bir evə gətirdilər. Ev yiyəsi qayğıma qaldı. Səhərə yaxın Semaşko deyilən xəstəxanaya aparıldım. Gülləmi çıxardılar. İki aya qədər xəstəxanada qaldım”.

O günlərin acısını yaşayan Əlizadə Səmədov Azərbaycanın müstəqilliyi uğrunda imperiya ordusuna qarşı dayanan əliyalın insanların sırasında olduğuna, o vaxt yaşadığı ağır, həm də şərəfli günlərə görə fəxr etdiyini söyləyib. Bildirib ki, ona ikinci qrup əlillik dərəcəsi verilib, hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. “Bütün bunlara görə Prezidentimizə minnətdaram”, - deyə o söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.