QAN YADDAŞI


20 Yanvar gecəsi yaşananlar heç vaxt unudulmayacaq... VİDEO

Bakı, 18 yanvar, AZƏRTAC

1990–cı ilin 20 yanvarı... Sovet imperiyasının xalqımıza qarşı ədalətsiz mövqeyindən qəzəblənərək küçələrə çıxıb etiraz edən ucsuz-bucaqsız insan dənizi, haqq deyə hayqıran min-min adamın uca kürsülərdən eşidilməyən səsi, öz xalqını suveren və müstəqil görmək arzusu ilə alışıb yanan gənclərin düyünlənmiş yumruqları... Zirehli tankların üstündə şəhəri dolaşan kaskalı sovet əsgərlərinin dinc əhaliyə yönələn qəzəbli baxışları, heç bir xəbərdarlıq edilmədən səhərə qədər atılan və şəhərə rahatlıq verməyən avtomat atəşləri, gülləboran edilmiş günahsız körpə, qadın, uşaq və dinc sakinlər, milyonların çiynində son mənzilə yola salınan gül-çiçəyə bürünmüş şəhid tabutları, bir də qan dənizində üzən Bakı küçələrində az qala hər səkiyə, hər addıma döşənən qırmızı qərənfillər...

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirində yenidən həmin faciəli, tarixi və unudulmaz günlər xatırlanıb.

Anım tədbiri şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli tədbiri giriş sözü ilə açaraq xalqımızın azadlığı uğrunda mübarizədə 20 yanvar hadisələrinin xüsusi yeri olduğunu qeyd edib: “Həmin gecə dünyanın ən böyük dövlətinin təpədən-dırnağa qədər silahlanmış ordusu Bakıda əliyalın sadə vətəndaşlar qarşısında məğlub oldu. Bu məğlubiyyət sonralar da həmin ordunun qoruduğu nəhəng imperiyanın da süqutunda həlledici və əhəmiyyətli rol oynadı”.

Nazir müavini hadisənin səhəri günü xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük cəsarət göstərərək Moskvadakı Azərbaycan səfirliyinə gedərək sovet ordusunun törətdiyi amansız qətliama ilk siyasi qiymət verdiyini söyləyib. O, nazirliyin ölkəmizin müdafiəsi və Konstitusiya quruluşu uğrunda qurban gedən hər bir övladının, o cümlədən 20 Yanvar şəhidlərinə və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıdan da danışıb.

“Hər bir xalqın həyatında unudulmaz və tarixi gün olur. İllər ötüb keçsə də, zaman ötsə də, həmin günün xalqımızın yaddaşında heç vaxt silinməyəcək qəhrəmanlıq və mübarizə tarixinə çevrilib”, - deyə çıxış edən Milli Məclisin deputatı Musa Quliyev müqəddəs yolda qurban gedənlərin xatirəsinin həmişə əziz tutulacağını söyləyib. Ulu öndər Heydər Əliyevin həmin hadisələrə verdiyi hüquqi, siyasi, əxlaqi və mənəvi qiyməti yüksək dəyərləndirən deputat həmin hadisələrə aparan yolu, azadlığa qovuşmaq uğrunda xalqımızın nümayiş etdirdiyi mübarizə əzmini, eyni zamanda, həmin hadisələrin ibrət dərsini xatırladıb.

20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə qeyd edib ki, şəhidlərin qanı ilə başlanan cığır sonradan müqəddəs yola və istiqlal yolunun bələdçisinə çevrilib. Müstəqilliyə qovuşduğumuz üçün biz canını bu yolda qurban verən Vətən övladlarına borcluyuq, çünki tarixin bu dərsi xalqımızın gələcək həyatında ibrətli bir rol oynayıb.

Yazıçı-publisist, “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər 90-cı ilin yanvarında Bakıda baş verən hadisələrin ədalətsizliyə dözməyən xalqın mətanət və iradəsinin nümayişinə çevrildiyini bildirib. Özünün qələmə aldığı gündəlik və üzləşdiyi mənzərələr, eləcə də kitabın yazılması prosesində rast gəldiyi hadisələr barədə xatirələrini bölüşən yazıçı-publisist çıxışını belə yekunlaşdırıb: “Yeni ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya yaşı tamam olan hər bir vətəndaşın ünvanına və ya telefonuna mesaj göndərərək bu barədə onu xəbərdar edir. Mən arzu edirəm ki, lap yaxın vaxtlarda həmin hadisələrdə şəhid olanların ailə üzvlərinə, 20 Yanvar gecəsinin şahidlərinin ünvanlarına şəhidlərin qanının yerdə qalmadığı və torpaqlarımızın düşmən işğalından azad olunduğu barədə xoş müjdəli xəbər göndərəsiniz”.

Nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev qanlı şənbə gecəsini xatırlayaraq özünün şahid olduğu hadisələrdən danışıb və dünyanın ən şirin nemətlərindən biri olan müstəqilliyimizi qorumağa çağırıb: “İllər bizi həmin hadisələrdən uzaqlaşdırsa da, yenə də günahsız qurbanların gülləyə tuş gələn taleyinə acıyırıq, qəlbimiz qan ağlayır, gözümüzdə yaş gilələnir. Amma xalqımız müstəqilliyinə qovuşduğuna, onların arzularının çiçək açdığına görə həm də təsəlli tapırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.