QAN YADDAŞI


20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətdir

Bakı, 20 yanvar, AZƏRTAC 

20 Yanvar hadisəsindən on illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilən qanlı terror hadisələri müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının iradəsini, əzmini qırmaq məqsədi daşıyırdı. Lakin onların məkrli niyyətləri baş tutmadı. Həmin gecə Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimiz ölümləri ilə ölməzliyə qovuşaraq, tariximizin ən parlaq səhifəsini yazdılar.

Bu sözləri Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn hüquqşünas Elnur Abbaszadə AZƏRTAC-a müsahibəsində deyib.

“O gecə xalqımız sovet qoşunlarının qarşısına silahsız çıxaraq şəhidlərimizin qanı bahasına müstəqilliyimizi bərpa edib. Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən bu müsibəti bütün dünyaya çatdıraraq informasiya blokadasını sındıra bilib. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində indi hər birimiz gənc, müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Şəhidlər Vətən, torpaq, azadlıq naminə canlarından keçiblər. Onların yolu bizim üçün daim örnək olacaq. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətdir. Bu faciə qan yaddaşımızdan heç zaman silinməyəcək. O vaxtdan 31 il keçsə də, şəhidlərimizin ruhu bizim üçün daim əzizdir. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Qoy şəhidlərimiz rahat uyusunlar. Çünki onların azadlığı uğrunda canlarından keçdiyi Vətənimiz ərazi bütövlüyünü bərpa edib, Qalib ölkə kimi dünyada özünü təsdiq edib. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə Elnur Abbaszadə söyləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.