QAN YADDAŞI
20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin nümunəsidir
Bakı, 20 yanvar, AZƏRTAC
Tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçir. Keçmiş SSRİ-nin süqutu ərəfəsində xalqımıza qarşı törədilmiş bu faciəsi Azərbaycanın azadlıq mübarizəsinin ən qanlı səhifələrindən birini təşkil edir. Bu faciənin kökü ermənilərin Azərbaycana qarşı torpaq iddialarına gedib çıxır. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini iddia edən erməni şovinistlərinə qarşı heç bir tədbir görməyən keçmiş SSRİ hakimiyyəti, əslində, ermənilərin cinayətlərinə göz yumurdu. Belə bir şəraitdə Azərbaycan xalqı öz haqlı etiraz səsini ucaltmağa başladı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
F.Yıldırım bildirib ki, o dövrdə yüksələn xətt üzrə davam edən gərginliyin, erməni təxribatlarının qarşısını almaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi, xalqımızın etiraz səsini, respublikamızın suverenliyi və azadlığı uğrunda mübarizəsini boğmaq üçün 1990-cı il yanvarın 20-də dinc insanların üzərinə ordu yeridərək mülki vətəndaşları qırğına məruz qoydu. SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu. Bu fakt, eyni zamanda, keçmiş SSRİ rəhbərliyinin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti dəstəklədiyinə dəlalət edirdi.
Deputatın qeyd edib ki, bu qanlı cinayət xalqımızın mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində əhəmiyyətli hadisə olub.
“Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, faciə baş verəndən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu cinayətə qarşı etiraz səsini ucaltdı, bəyanatla çıxış edərək baş verən hadisəni hüquqazidd, demokratiyaya yad və humanizm prinsiplərinin əleyhinə olan əməl kimi qiymətləndirdi. Bu cəsur hərəkəti ilə Heydər Əliyev ən çətin anda təkcə xalqının yanında olmadı, eyni zamanda, informasiya blokadasının yarılmasında, Azərbaycanda baş verən qanlı hadisələrin dünyaya çatdırılmasında müstəsna rol oynadı. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə məhz ümummilli lider Heydər Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hadisəyə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların aşkarlanması istiqamətində yorulmaz fəaliyyət göstərdi. Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamentində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. Ulu öndərimiz Heydər Əliyevin xalqımızın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə ehtiramı, bu istiqamətdə həyata keçirilən diqqət və qayğı siyasəti bu gün də yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə qayğı göstərilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsi istisna deyil.
20 Yanvar faciəsinin Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisi olduğunu bildirən deputat deyib: “Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edir. Bütövlükdə, 20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir. Dünya Azərbaycan xalqının mübarizə əzminin təntənəsini, heç şübhəsiz, 44 günlük Vətən müharibəsi zamanı da gördü. Beynəlxalq hüquq normalarına əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Başqa sözlə, zəfər yürüşünü əzmlə və şücaətlə davam etdirən rəşadətli Ordumuz təxribatçı və işğalçı Ermənistanın silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi, torpaqlarımızı işğaldan azad etdi. Əlbəttə, Vətən müharibəsi çoxəsrlik dövlətçilik tariximizin şanlı qürur səhifəsidir. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Şübhəsiz ki, bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Bu gün artıq şəhidlərimizin ruhu da şaddır. Çünki onların uğrunda canlarını fəda etdikləri müstəqil dövlətimiz öz ərazi bütövlüyünü təmin edib”.