QAN YADDAŞI
20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyə gedən yolda ən çətin mübarizəsi kimi ölkəmizin qəhrəmanlıq tarixində mühüm yer tutur
Bakı, 17 yanvar, AZƏRTAC
20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyə gedən yolda ən çətin, ən iztirablı mübarizəsi kimi ölkəmizin qəhrəmanlıq tarixində mühüm yer tutur. Bu hadisələr o zaman hələ müstəqil olmayan Azərbaycanın Kommunist Partiyasına təzyiq göstərmək və onun vasitəsilə Qarabağda yaranmış xüsusi idarənin Arkadi Volskinin rəhbərliyi altında törətdiyi özbaşınalıqlara qarşı mübarizə aparmağı nəzərdə tuturdu. Ona görə də əsas tələblərdən biri bilavasitə bu rejimin ortadan qalxması və Qarabağda Azərbaycanın suverenliyinin bərpa olunması idi. Dağlıq Qarabağ separatçıları ovaxtkı sovet rəhbərliyinin dəstəyinə arxalanaraq bölgədə demək olar ki, Azərbaycan hakimiyyətini tamamilə aradan qaldırmışdılar. Həmçinin separatçılıq fəaliyyətləri istiqamətində də ciddi işlər görərək Qarabağın Azərbaycandan ayrılması istiqamətində fəal işlər həyata keçirirdilər. O zaman bütün ölkə əhalisinin əhəmiyyətli hissəsi etiraz aksiyalarına qoşulmuşdu. Maraqlıdır ki, həmin hadisələr ərəfəsində - yanvarın 13-dən başlayaraq Rusiya xüsusi xidmət orqanlarının təşəbbüsü ilə Azərbaycanda guya erməni ailələrinə tətbiq olunan zorakılıq ümumittifaq miqyasında xüsusi bir hadisə kimi qeyd edilməyə başlanıldı. Azərbaycanda yaşayan erməni ailələrinə zorakılığı bəhanə edən SSRİ rəhbərliyi sovet qoşunlarının ölkəmizə yeridilməsinə qərar verdi. Ona görə bu hadisələrdən sonra yanvarın 15-də Kommunist Partiyasının Mərkəzi Komitəsində Azərbaycana qoşun yeridilməsi ilə bağlı müzakirələr genişləndi. Aparılan müzakirələrin nəticəsi o oldu ki, əlverişli zamanda Azərbaycana qoşun göndərilsin.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, o vaxt Azərbaycana Kommunist Partiyasının Mərkəzi Komitəsinin səlahiyyətli şəxsləri Yevgeni Primakov, Andrey Girenko, Vyaçeslav Mixaylov kimi şəxslər göndərilmişdi. Onlar tərəfindən ölkəmizdə həm şəraitin öyrənilməsi, həm də əlverişli qoşunun yeridilməsi üçün vəziyyətin yaradılması istiqamətində işlər görülürdü. Həmin dövrdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Əbdürrəhman Vəzirov tərəfindən hansısa şəkildə etirazçılarla danışıqlar aparılması mümkün deyildi. Belə bir vaxtda sovet ordusunun Azərbaycana yeridilməsi üçün yerli rəhbərliyin razılığı lazım idi. Amma konkret olaraq rəhbərliyin razılığı da ortada yox idi. Çünki o dövrdə Mərkəzi Komitənin Birinci katibi tərəfindən belə bir tələb irəli sürülmədiyi üçün Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova da buna etirazını bildirmişdi. Yaranmış vəziyyətdən istifadə edən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin səlahiyyətli üzvləri saxta teleqramlar və başqa tələblər irəli sürərək sovet qoşunlarının Azərbaycana yeridilməsi haqqında qərar qəbul etdilər. 20 Yanvar faciəsi birbaşa SSRİ-nin prezidenti Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı törətdiyi cinayət idi. Lakin bu məsələ ittifaq səviyyəsində, sadəcə, Bakıda göz qorxutmaq, müəyyən qətliamlar törətmək üçün nəzərdə tutulsa da, əks-təsiri daha böyük oldu. Bu faciə Azərbaycan xalqını daha sıx birləşdirdi. 20 Yanvar hadisələri zamanı şəhid verdiyimiz 147 nəfər Şəhidlər xiyabanında dəfn edildi. Mərasimə qatılan bir milyondan çox insan kədərini bölüşdü. 20 Yanvar həm də ona görə aktuallıq kəsb edirdi ki, sovet hakimiyyətinin bütövlükdə hərbi işğalçılıq mahiyyətini üzə çıxardı.
“Hələ o zaman SSRİ-nin dağılması barədə müzakirə belə getmirdi. Amma bu hadisələr SSRİ-nin dağılmasına təkan verdi. 1990-cı ilin Qanlı Yanvar hadisələri baş verən günün sabahı ölkə hüdudlarından kənarda olan dahi öndər Heydər Əliyevin Qorbaçovun siyasətinə etiraz əlaməti olaraq ölkəmizin Moskvada diplomatik nümayəndəliyində etiraz xarakteri daşıyan sərt bəyanat səsləndirməsi, mətbuat konfransı keçirməsi bu hadisələrin, törədilən qətliamın nəticələrinin gizlədilməsinə imkan vermədi. Yəni, bu addımlar hamısı eyni vaxta təsadüf etdiyinə görə bütövlükdə xalqın bütün təbəqələrinin etirazı ilə müşayiət olundu. Bu hadisələrdən sonra Azərbaycanda təkcə Kommunist Partiyasının rəhbərliyində dəyişiklik baş vermədi, həm də insanlarımızda müstəqilliyə inam daha çox artmağa başladı. Maraqlıdır ki, 1990-cı ilin Yanvar hadisələrindən sonra artıq bütün sahələrdə Azərbaycanda müstəqilliyin əldə edilməsi üçün böyük ruh yüksəkliyi yarandı. Bütün bunlar onu göstərir ki, qanlı faciə Azərbaycan xalqını qorxutmadı, əksinə, daha da birləşdirdi. Uzun illər keçməsinə baxmayaraq, hazırda 32-ci ildir ki, Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla xatırlanır”,-deyə Fazil Mustafa vurğulayıb.
Deputat əlavə edib ki, müstəqilliyimiz uğrunda mübarizənin ən önəmli mərhələlərindən olan 20 Yanvar hadisələrinə xalq öz qiymətini bu günədək verməkdədir. Dövlətimiz şəhidlərimizin yaxınlarına həm hüquqi, həm də mənəvi baxımdan hər cür dəstəyini davam etdirir. 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın bütün orta məktəblərində, ali təhsil ocaqlarında və dövlət qurumlarında ehtiramla anılır. Onların xatirəsinə Şəhidlər xiyabanında abidənin ucaldılması onu göstərir ki, Azərbaycan xalqı azadlığı uğrunda mübarizə tarixini qətiyyən unutmur. Bugünkü uğurlarımızın arxasında bu faciələrdən keçib gələn xalqın birliyi dayanır. 20 Yanvar həm də onu göstərdi ki, bir xalqın taleyi bütövlükdə meydanlarda həll olunmur. Bu, ümumilikdə xalqın siyasi elitasının yetkinliyinin nə dərəcədə olması, onların proseslərə verdiyi reaksiya ilə müəyyənləşir.