CƏMİYYƏT


20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri, aidiyyəti ictimai birliklərin nümayəndələri ilə görüş olub

Bakı, 7 mart, AZƏRTAC

Prezident İlham Əliyevin fərman və sərəncamları bütün həssas qruplara, o cümlədən 20 Yanvar hadisələri zamanı Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinə və həmin hadisələrlə əlaqədar əlilliyi olanlara dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasına imkan verib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri, aidiyyəti ictimai birliklərin nümayəndələri ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Anar Kərimov həmin kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların pensiya və müavinətlərinin, şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin artırılması sahəsində atılan mühüm addımları qeyd edib.

Təmsil etdiyi qurumda ictimai iştirakçılığın təmin olunmasına xüsusi əhəmiyyət verildiyini qeyd edən nazir müavini həssas qrupların sosial təminatının gücləndirilməsi məqsədilə normativ hüquqi aktların hazırlanmasında qeyri-hökumət təşkilatlarının da iştirakının təmin olunduğunu bildirib.

Görüş iştirakçıları əlilliyi olan şəxslərə və şəhid ailələrinə Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan razılıqla danışıb, dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar dövlət tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin də mənzillə, eləcə də bu hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təmin olunduqlarını, sosial müavinət və təqaüdlərinin, pensiyalarının mütəmadi olaraq artırıldığını bildirib, qanunvericilikdə onlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlar barədə danışıblar.

Görüşdə əlillər və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi ilə əlaqədar təkliflər də səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.