REGİONLAR
20 Yanvar hadisələri xalqımızın mübarizə əzmini daha da gücləndirdi
Naxçıvan, 21 yanvar, AZƏRTAC
Qanlı Yanvar faciəsinin baş verdiyi həmin dəhşətli gündə xalqımızın haqq səsini heç yerə duyura bilmədiyi bir vaxtda ulu öndər Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək törədilmiş qırğını sərt şəkildə tənqid edib, xalqımıza qarşı göstərilən biganə münasibətə öz haqlı etirazını bildirib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sözləri “20 Yanvar faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda keçirilən elmi konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev deyib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademik İsmayıl Hacıyev tariximizin faciəli, eyni zamanda, qəhrəmanlıq səhifələrindən biri olan Qanlı Yanvar hadisəsini, həmin dövrdə ölkədə hökm sürən ictimai-siyasi vəziyyəti ətraflı şərh edib.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “20 Yanvar faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin “20 Yanvar faciəsi və ümummilli lider Heydər Əliyev tərəfindən ona siyasi qiymətin verilməsi”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucovanın “20 Yanvar faciəsi bədii ədəbiyyatda” mövzusunda məruzələri dinlənilib.
Məruzələrdə bildirilib ki, faciədən sonrakı 3 il ərzində o vaxtkı ölkə rəhbərliyinin etinasızlığı nəticəsində bu qanlı günün beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində heç bir addım atılmayıb, yalnız 1993-cü ildə Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilib.
Qeyd olunub ki, Azərbaycan xalqının birliyini, azadlıq əzmini silah gücünə qırmağa çalışan bəzi siyasi dairələr istəklərinə müvəffəq ola bilməyib, əksinə, bu qanlı qırğın xalqımızın mübarizə əzmini daha da gücləndirib. Bu mübarizlik publisistik məqalələrlə yanaşı, bədii ədəbiyyat nümunələrində də öz əksinin tapıb. Həmin əsərlərdə Naxçıvanın SSRİ-nin tərkibindən çıxarılmasının elan olunması, Azərbaycan televiziyasının enerji bloku partladıldığından 1990-cı ilin yanvarın 20-də baş verən faciənin Naxçıvan televiziyası vasitəsilə 7 dildə dünyaya çatdırılması, bunları planlayan, təşkil edənlər və icra edənlər haqqında məlumatlar oxuculara böyük ustalıqla təqdim olunub.
Vurğulanıb ki, şəhidlərimizin xatirəsinə ən böyük abidə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyüdür. Vətən uğrunda canından keçən soydaşlarımızın ruhları artıq şaddır, çünki Azərbaycan artıq öz ərazi bütövlüyünü tam təmin edib.