QAN YADDAŞI
20 Yanvar hadisəsi qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunda 20 Yanvar hadisəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazı bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitut direktorunun elmi işlər üzrə müavini, professor Əhməd Hacıyev 27 il bundan əvvəl milli azadlığı, suverenliyi uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı keçmiş Sovetlər birliyinin rəhbərliyi tərəfindən xüsusi qəddarlıqla düşünülmüş, vəhşicəsinə törədilmiş terror aktından söz açıb.
Tədbirdə biologiya elmləri doktoru Fəxrəddin Əskərov “20 yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bu qanlı hadisənin xronikası, Azərbaycanda və dünyada ona verilən hüquqi və siyasi qiymət haqqında məlumat verilib.
İnstitut direktorunun ümumi işlər üzrə müavini Arif Vəliyev o gecənin dəhşətli anlarını yada salıb, insanların şücaətindən danışıb, bu günün faciə kimi deyil, xalqımızın qəhrəmanlıq, şücaət günü kimi qeyd edilməli olduğunu vurğulayıb.
Digər çıxış edənlər də bildiriblər ki, haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları o qanlı gecədə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.