REGİONLAR


20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Ulu Öndərin böyük rolu olub

20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Ulu Öndərin böyük rolu olub

Şəki, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

20 Yanvar xalqımızın azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən qəhrəman Vətən övladları ilə daim fəxr edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar yanvarın 18-də Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masada səsləndirilib.

Şəki Şəhər İcra Hakimiyyəti, YAP Şəki Təşkilatı və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əvvəlində diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub və dövlətimizin başçısının Sərəncamı ilə xüsusi Tədbirlər Planı təsdiq edilib.

Dəyirmi masada çıxış edənlər 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə məlumat veriblər. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, müstəqillik ideyaları uğrunda mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədilə sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı ən qanlı cinayətlərdən biri törədilib.

Çıxışlarda faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, dünya ictimaiyyətinə əsl həqiqətlərin çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilir, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, faciə zamanı əlil olanlara dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir.

Tədbirin sonunda Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.