ELM VƏ TƏHSİL


20 Yanvar müstəqillik uğrunda mübarizəmizin rəmzinə çevrilib

Bakı, 19 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Əvvəlcə BDU kollektivi 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüb. Şəhidlərin əziz xatirəsi anılıb.

Tədbirdə BDU-nun rektoru Elçin Babayev bildirib ki, 20 Yanvar Azərbaycan tarixinin qanlı, eyni zamanda, qəhrəmanlıq səhifəsidir. 20 Yanvar milli müstəqillik, azadlıq uğrunda mübarizəmizin rəmzinə çevrilib. Bu hadisə Azərbaycan xalqının azadlıqsevərliyini dünyaya göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Xalqımızın azadlıq uğrunda mübarizəsi dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.

Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlıq əleyhinə ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə həkk olunub.

E.Babayev vurğulayıb ki, faciənin ertəsi günü Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək qanlı faciəni törədənlərə qarşı kəskin etirazını bildirib, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb edib.

Ümummilli Liderin təşəbbüsü ilə 20 Yanvara hüquqi-siyasi qiymət verildiyini xatırladan rektor həmin qanlı hadisənin heç zaman yaddan çıxmayacağını deyib. Diqqətə çatdırılıb ki, şəhidlərimizin ruhu indi şaddır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsində biz böyük Zəfər qazandıq, torpaqlarımız işğaldan azad edildi.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, BDU-nun professoru Jalə Əliyeva qeyd edib ki, 20 Yanvarda xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha açıb göstərdi. 20 Yanvar Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb.

Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə, BDU-nun kafedra müdiri, I Qarabağ müharibəsi veteranı Knyaz Aslan, Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Rauf Şəmsizadə çıxış edərək 20 Yanvarda sovet ordusunun Bakıda və bölgələrdə törətdiyi qanlı qırğınlardan bəhs edib, şəhidlərin xatirəsinin daim uca tutulacağını vurğulayıblar.

Sonra “Tarixin izi ilə” sənədli filmi nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.