REGİONLAR


20 Yanvar müstəqilliyimizə aparan yolun başlanğıcıdır

Füzuli, 15 yanvar, AZƏRTAC

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 29-cu ildönümü Füzuli rayonunda silsilə tədbirlərlə qeyd olunur. Rayonun idarə və təşkilatlarında, təhsil müəssisələrində anım mərasimləri keçirilir, sərgilər təşkil edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "20 Yanvar müstəqilliyimizə aparan yolun başlanğıcıdır” adlı növbəti tədbir Horadiz şəhər 3 nömrəli tam orta məktəbdə keçirilib. Füzuli Rayon İcra Hakimiyyətinin Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə məktəbin foyesində şagirdlərin 20 Yanvar hadisələrinə həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova çıxış edərək, 29 il əvvəl Bakıda törədilən qanlı hadisələrdən, faciəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən danışıb.

Rayon Təhsil Şöbəsinin müdir müavini Rafiq Səmədov 20 Yanvarı xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi, hər bir azərbaycanlı üçün qürur mənbəyi adlandırıb, hadisənin gənc nəslin yaddaşında möhkəmləndirilməsində tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

Tədbirdə “Qanlı Yanvar” adlı videoçarx və məktəblilərin hazırladığı kompozisiya nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.