QAN YADDAŞI


20 Yanvar şəhidləri Azərbaycan tarixinə parlaq səhifə yazdılar

Xırdalan, 18 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin akt zalında təşkil olunan tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Qanlı Yanvar haqqında sənədli film izlənilib.

Universitetin rektoru, professor Havar Məmmədov faciə barədə danışaraq bildirib ki, 20 Yanvar hadisələri keçmiş sovet dövlətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktıdır. Sovet Ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakıya yeridilməsi xüsusi qəddarlıqla və misli görünməmiş vəhşiliklərlə müşayiət olunub.

“20 Yanvar hadisələri ərəfəsində Azərbaycanın rəhbər şəxslərinin yarıtmaz fəaliyyəti nəticəsində xalqla hakimiyyət arasında uçurum yaranmışdı”, - deyən rektor qeyd edib ki, o zaman yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi, SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin mart ayında Milli Məclisdə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi.

Havar Məmmədov bu gün də Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinin, adlarının uca tutulmasının, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin daim diqqət mərkəzində saxlanıldığını, bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb.

BMU Tələbə Gənclər Təşkilatının sədri Elnur Mirzəyev və universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Günel Salahova çıxış edərək, 1990-cı il yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qırmadığını bildiriblər. Diqqətə çatdırılıb ki, həmin gecə həlak olan vətən övladları Azərbaycan tarixinə parlaq səhifələr yazaraq, bütün gənclərə örnək oldular.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.