QAN YADDAŞI


20 Yanvar şəhidləri Belarusda anılıb

Minsk, 19 yanvar, AZƏRTAC

Belarusda yaşayan soydaşlarımızın və tələbələrimizin iştirakı ilə Azərbaycanın bu ölkədəki səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Belarusdakı səfirliyinin müşaviri Zülfüqar Tanarverdi çıxış edərək bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisəsi, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq səhifəsi kimi yaddaşlarda qalıb. SSRİ rəhbərliyi azadlıq uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqını silah gücünə susdurmaq istəsə də, xalqımızın iradəsini qıra bilməyib. Aparılan mübarizənin nəticəsində xalqımız öz müstəqilliyinə qovuşub. Bildirilib ki, o zaman SSRİ-nin tərkibində olan Azərbaycan informasiya blokadasında saxlanılırdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev faciənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanat verib. 20 Yanvar hadisələrində xalqımıza qarşı törədilən qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Ulu Öndərin bu çıxışı Azərbaycan ətrafında yaradılmış informasiya blokadasının aradan qaldırılmasında böyük rol oynayıb.

Səfirliyin müşaviri qeyd edib ki, xalqımız Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarının xatirəsini hər zaman uca tutacaq.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş olunub. İştirakçılar, həmçinin səfirliyin foyesində faciəni əks etdirən fotosərgi ilə tanış olublar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.