CƏMİYYƏT
20 Yanvar şəhidləri Vətən uğrunda ölümləri ilə əbədilik qazandılar
Bakı, 20 yanvar, AZƏRTAC
1990-cı il yanvarın 20-də Azərbaycan xalqı əsrlərboyu arzusu ilə yaşadığı azadlıq istəyinin, əzminin sarsılmazlığını, bu yolda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Həmin gün Vətəninin azadlığı uğrunda canlarından keçən 20 Yanvar şəhidləri əbədi ölməzlik qazandılar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində yanvarın 20-də Şəhidlər xiyabanına öz övladları ilə ziyarətə gələn Bakı sakini Samir Vəliyev deyib.
Həmin gün baş verən hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən S.Vəliyev Azərbaycan xalqının istiqlaliyyət əzminin, iradəsinin qırılmadığını bildirib: “Ailə üzvlərimizlə Şəhidlər xiyabanına gələrək burada uyuyan xalqımızın qəhrəman övladlarının məzarlarını ziyarət edirik. Tariximizin şanlı səhifələrindən olan 20 Yanvar Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də qəhrəmanlıq səhifəsidir. Sovet İttifaqı rəhbərliyinin törətdiyi bu qanlı cinayət xalqımızı müstəqillik amalı ətrafında daha sıx birləşdirdi, onun yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi”.