REGİONLAR


20 Yanvar şəhidləri xalqımızın milli azadlığı, müstəqilliyi üçün yol açdılar

Masallı, 18 yanvar, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “20 Yanvar - xalqımızın hüzn, həm də şərəf günüdür” mövzusunda tədbir keçirilib.

Tədbirdə Masallı Rayon Heydər Əliyev Mərkəzinin kollektivi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, Masallı Rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri, rayonun fəal gəncləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində çıxış edən Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva 20 Yanvar hadisəsinin xalqımızın tarixinə yazılmış qanlı faciələrdən biri olduğunu bildirib. Qeyd edib ki, keçmiş sovet ordusunun qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçmiş 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları kimi xatırlanır.

Masallı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə çıxışında 20 Yanvar hadisələrindən söz açaraq deyib ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək bildirib ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilib.

Tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbəsi Məryəm Ələsgərlinin mövzu ilə bağlı çıxışı dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.