QAN YADDAŞI


20 Yanvar şəhidlərinin xatirəsi İsraildə anılıb

Bakı, 18 yanvar, AZƏRTAC

İsrailin Qüds (Yerusəlim) şəhərində 20 Yanvar – Ümummilli Hüzn Gününün 32-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar” mövzusunda tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə şəhər kitabxanasında təşkil olunan tədbirdə Assosiasiyanın sədri Lev Spivak, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman və “Azİz”in Qüds bölməsinin rəhbəri Aleksandr Aqranovski çıxış ediblər.

1990-cı ildə Bakıda yaşadıqlarını söyləyən natiqlər SSRİ rəhbərliyinin göstərişi ilə sovet qoşunlarının xəbərdarlıq edilmədən Bakıya yeridilməsi nəticəsində baş verən qanlı qırğının canlı şahidləri olduqlarını bildiriblər. Qeyd edilib ki, faciə zamanı Bakıda mehriban qonşuluq və dostluq şəraitində yaşayan bütün millətlərin nümayəndələri, o cümlədən yəhudi əsilli günahsız insanlar da həlak olublar. Təcili tibbi yardım həkimi Aleksandr Marxevka yaralılara yardım edərkən, Yan Meyeroviç ahıl qonşusunu hava limanına apararkən, Vera Bessantina adlı gənc pəncərədən boylanarkən sovet hərbçilərinin gülləsinə tuş gəliblər. Bu hadisələrin heç bir zaman unudulmayacağı, həmin proseslərin Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxardığı, Bakıya səfər edən israillilərin Şəhidlər xiyabanında uyuyan 20 Yanvar şəhidlərinin məzarlarını hər zaman ziyarət etdikləri vurğulanıb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, erməni işğalından azad edilən Qarabağda üçrəngli bayrağımızın dalğalandığı iştirakçıların nəzərinə çatdırılıb. Ötən ilin sonunda Bakıya və Qarabağa səfər etdiklərini söyləyən natiqlər bildiriblər ki, Vətən müharibəsi zamanı İsrailin göstərdiyi dəstək Azərbaycanda çox yüksək qiymətləndirilir.

Sonra şair Mixail Salman 20 Yanvar faciəsinə ithaf etdiyi şeirini söyləyib, Aleksandr Aqranovski isə David Altmanın “Mənim dostlarım – bakılılar” mahnısından bir parça ifa edib.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.