QAN YADDAŞI


20 Yanvar şəhidlərinin xatirəsi İsveçdə anılıb

Stokholm, 19 yanvar, AZƏRTAC

İsveçin paytaxtı Stokholm şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Stokholm Azərbaycan Mədəniyyət Mərkəzi, İsveç Azərbaycan Federasiyasi və İsveç-Azərbaycan Dərnəyi (SAF) tərəfindən təşkil edilib.

Azərbaycanın himninin səslənməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə əvvəlcə 20 Yanvar faciəsindən bəhs edən reportajlardan və hadisələrin şahidlərinin müsahibələrindən ibarət “Silahdaşlar” filmi nümayiş olunub.

Tədbirdə çıxış edən Stokholm Azərbaycan Mədəniyyət mərkəzinin rəhbəri Rahim Sadıqbəyli 20 Yanvar hadisələri barədə danışıb. O, 20 Yanvar gecəsinin xalqımıza qarşı əvvəlcədən planlaşdırılmış qanlı akt olduğunu qeyd edib, həmin gecə Azərbaycan xalqının müstəqillik ruhunu sarsıtmaq istəyən qüvvələrin səylərinin uğursuzluqla nəticələndiyini bildirib.

İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova 20 Yanvar hadisələrinin Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının azadlıq əzmini özündə səciyyələndirən qürur günü olduğunu bildirib. Məhz buna görə də 20 Yanvarın Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu diqqətə çatdıran diaspor fəalı 30 il keçməsinə baxmayaraq, xalqımızın o gecəni daim xatırladığını, Vətən uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsini ehtiramla yad etdiyini bildirib.

Azərbaycanın İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov 20 Yanvar faciəsində Azərbaycanın oğul və qızlarının Vətənin azadlığı və müstəqilliyi uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını bildirib. O deyib ki, xalqımız öz qanı bahasına olsa da, nəticədə müstəqilliyə qovuşdu və bu, xalqımızın azadlıq əzmini bir daha nümayiş etdirdi.

Səfirliyin birinci katibi şəhidlərin xatirəsinin yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlının qəlbində daim əziz tutulacağına əminliyini bildirib.

Qeyd edək ki, 20 Yanvar şəhidlərinin xatirəsi İsveçin Höteborq şəhərində keçirilən tədbirdə də yad edilib. Bundan başqa, İsveçin “Öppna kanalen” telekanalında və 101.1 FM radiosunda 20 Yanvar hadisələrinə həsr olunmuş verilişlər yayımlanıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.