QAN YADDAŞI


20 Yanvar şəhidlərinin xatirəsi Rotterdamda da anılıb

Rotterdam, 20 yanvar, AZƏRTAC

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Rotterdam şəhərində Qanlı Yanvar faciəsinə həsr edilmiş anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, anım mərasimi himnimizin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Benilüks Azərbaycanlılar Konqresinin (BAK) sədri Elsevər Məmmədov və Ölkəmizin Niderland Krallığındakı səfirliyinin birinci katibi Əli Əliyev çıxış edərək, 30 il əvvəl baş vermiş və xalqımızın azadlıq mübarizəsinin rəmzi olan 20 Yanvar hadisələrindən danışıblar.

Bildiriblər ki, Qanlı Yanvar hadisələri Azərbaycan xalqına, eləcə də bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayətdir. Natiqlər faciə zamanı 147 azərbaycanlının şəhid olduğunu və 700-nün yaralandığını xatırladıblar. Bildiriblər ki, bu qanlı cinayət Azərbaycanlıların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına dövlət müstəqilliyinə qovuşdu. 20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır.

Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov, Benilüks Azərbaycanlılar Konqresinin (BAK) vitse-prezidenti Sima Cəfərova çıxışlarında qeyd ediblər ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı və gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü, eləcə də gələcək nəsilləri şəhidlərimizin qəhrəmanlığından nümunə götürəcəklər. “Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Azərbaycan xalqı, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə məhz belə bir zirvəni fəth edib. Vətən oğullarının fədakarlığını hər zaman yüksək qiymətləndirib”,- deyə S.Cəfərova vurğulayıb.

Anım mərasimində 20 Yanvar hadisələrində həyat yoldaşını itirən Ofelya Abdullayeva və bu qanlı hadisələri yaşayan Qarabağ qazisi Mürşüd Cəfərov çıxış ediblər. Vurğulayıblar ki, şəhidlər ölmür, onlar qəlbimizdə əbədi yaşayırlar. Hər il Niderlandda yaşayan həmvətənlərimiz şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirlər.

Anım mərasiminin iştirakçıları 20 Yanvar hadisələri ilə bağlı keçmiş sovet rəhbərliyinin bilavasitə məsuliyyət daşıdığını bildirərək, keçmiş SSSR-nin rəhbəri Mixail Qorbaçovun beynəlxalq məhkəməyə verilməsi təklifini səsləndiriblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Rotterdam

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.