ELM VƏ TƏHSİL
20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən şahmat turniri təşkil olunacaq
Bakı, 19 yanvar, AZƏRTAC
20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən onlayn respublika şahmat turniri təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən bildirilib. “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda iştirak etmək üçün Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəbləri və şahmat klublarından yüz nəfərdən çox şahmatçı qeydiyyatdan keçib.
İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq yarışa bu gün saat 18:00-da start veriləcək.
17 yaşadək (2004-cü il təvəllüdlü və daha kiçik yaşlı) şahmatçılar arasında keçiriləcək turnirin qalibləri müvafiq dərəcəli diplomlarla təltif olunacaqlar.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat (blitz) üzrə qaliblərin müəyyənləşdirilməsi və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrinin artırılmasından ibarətdir.