CƏMİYYƏT
20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş onlayn inşa yazı müsabiqəsinə yekun vurulub
Bakı, 19 yanvar, AZƏRTAC
Salyan rayon Gənclər və İdman İdarəsinin və Salyan rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr edilmiş “Silinməz acı xatirələr” adlı onlayn inşa yazı müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək, müstəqilliyimiz uğrunda canından keçmiş qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdır.
Müsabiqədə I yerə Xanım İsayeva (şəhər 1 nömrəli məktəb-lisey), II yerə Tamara Eyvazova (Peyk kənd tam orta məktəbi), III yerə isə Fidan Kazımova (Seyidsadıqlı kənd tam orta məktəbi) layiq görülüb. Cahid Mehdiyev (Seydan kənd ümumi orta məktəbi), Gülçin Rüstəmli (şəhər 8 nömrəli tam orta məktəb) və Nərgiz Balayeva (Aşağı Kürkənd kənd tam orta məktəbi) onlayn inşa yazı müsabiqəsinin fərqlənmiş iştirakçıları seçiliblər.
Onlayn inşa yazı müsabiqəsinin qalibləri və fərqlənmiş iştirakçıları diplomlarla təltif olunublar.