QAN YADDAŞI


20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

Bakı, 18 yanvar, AZƏRTAC 

Penitensiar Xidmətin Baş İdarəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qurumun rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə sınaq anları kimi əbədi daxil olmuş 20 Yanvar faciəsinin təkcə əvəzsiz itkiləri, nisgilləri və yaraları ilə deyil, həm də ibrət dərsləri ilə unudulmaz olduğunu qeyd edib. Azərbaycanın ozamankı savadsız, səriştəsiz rəhbərliyinin günahı ucbatından uzun müddət faciəyə siyasi-hüquqi qiymət verilməməsi vurğulanıb.

Bildirilib ki, həmin ağır günlərdə yalnız ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına qarşı soyqırımı aktının törədilməsinə ən sərt şəkildə etiraz edib, bu qanlı cinayəti törədənlərin cəzalandırılmasını tələb edib. Məhz Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışından sonra faciəyə siyasi-hüquqi qiymət verilib, 20 Yanvar şəhidlərinin xatirəsi əbədiləşdirilib, şəhid ailələrinə və sağlamlığını itirmiş soydaşlarımıza dövlət qayğısı göstərilib.

Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev 20 Yanvar hadisələrinə aparan yol, faciə və onun dərsləri ilə bağlı şəxsi heyət qarşısında çıxış edib. Vurğulanıb ki, xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış Qanlı Yanvar, eyni zamanda, qəhrəmanlıq səhifəsidir. Hər bir azərbaycanlı bu tarixi günlə qürur duymalıdır.

Daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.