REGİONLAR
“20 Yanvar tarixin qan yaddaşı” mövzusunda inşa-yazı müsabiqəsinə yekun vurulub
Tərtər, 17 yanvar, AZƏRTAC
Tərtər rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar tarixin qan yaddaşı” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələ isə Uşaq Gənclər Şahmat məktəbində keçirilib. Yekun mərhələdə 34 ümumtəhsil məktəbindən 48 şagird iştirak edib.
Şagirdlər əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov çıxış edərək, 1990-cı il yanvarın 20-də Bakı şəhərində törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, qanlı hadisənin xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildirib.
Şagirdlərin təqdim etdiyi yazılar komissiya üzvləri tərəfindən yoxlanıldıqdan sonra müsabiqənin qalibləri Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.