REGİONLAR
20 Yanvar təkcə faciə deyil, həm də şərəf tariximizdir
Astara, 23 yanvar, Bağır Əliyev, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonunun Kakalos kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “20 Yanvar qan yaddaşımızdır” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Kakalos kənd məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı, kənd ərazi icra nümayəndəsi, kənd məscidi dini icmasının sədri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə 20 Yanvarın Azərbaycan tarixində təkcə faciə deyil, həm də şərəf tariximiz olduğunu bildirib.
Vətən uğrunda həlak olan şəhidlərimizin ailələrinə dövlətimiz və xalqımız tərəfindən göstərilən diqqət və qayğıdan danışan T.Həsənzadə gənclərin vətənpərvərlik ruhunda formalaşmasının vacibliyini diqqətə çatdırıb.
Kakalos kənd məscidi dini icmasının sədri Hüseynxan İsayev çıxışında şəhid anlayışından, onun mahiyyətindən, İslam dinində şəhidliyin uca məqamından danışıb.
Kakalos kənd ərazi icra nümayəndəsi Raul Məmmədov və başqaları çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.