ELM VƏ TƏHSİL


20 Yanvar xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə 20 Yanvar faciəsi, birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva açaraq 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söyləyib: “Azərbaycanın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar. Həmin gün yaddaşlara keçmiş sovet kommunist rejiminin Azərbaycan xalqının milli-azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olundu. Əslində, bu, öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqa qarşı siyasi və hərbi təcavüz idi. Bu hadisələrdə xalqımız bir daha sübut etdi ki, istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa bilər, Azərbaycan övladları öz həyatlarını müstəqillik uğrunda qurban verə bilərlər”.

G.Baxşəliyeva bildirib ki, həmin hadisələr müstəqillik mübarizəmizin dönüş nöqtəsi oldu və o çətin günlərdə xalqımız yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardı.

Akademik bu gün də xalqımızın Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini və bu birliyin qüvvəsi ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusunu məğlub edərək torpaqlarımızı azad etdiyini söyləyib. İnstitut direktoru ikinci Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının şücaətindən də söz açıb, xalqımızın Vətən yolunda şəhid olan övladları ilə hər zaman fəxr etdiyini bildirib.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Şəmsi Əhmədov, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı və digər çıxış edənlər qanlı 20 Yanvar hadisələrindən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiklərini söyləyiblər.

Çıxış edənlər Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidləri də xatırlayaraq, xalqımızın onları heç vaxt unutmayacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.