QAN YADDAŞI


“20 Yanvar xalqımızın hüzn və qəhrəmanlıq tarixi” mövzusunda konfrans keçirilib

Bakı, 16 yanvar, Həsrət Mahmudova, AZƏRTAC

Yanvarın 16-da Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağdam və Laçın rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iştirakı ilə Gəncliyə Yardım Fondunda “20 Yanvar xalqımızın hüzn və qəhrəmanlıq tarixi” mövzusunda konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək Azərbaycan müstəqilliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Gəncliyə Yardım Fondunun foyesində 20 Yanvar faciəsinə həsr olunan sərgiyə baxış keçirilib.

Tədbir iştirakçıları 20 Yanvar faciəsi qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov tədbirdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan olunmadan Bakıya yeridilən keçmiş Sovet İttifaqının qoşun birləşmələri tərəfindən dinc əhaliyə amansız divan tutulduğunu, yüzlərlə insanın qətlə yetirildiyini, yaralandığını və itkin düşdüyünü qeyd edib. Bildirilib ki, sovet qoşun birləşmələrinin törətdikləri qətllər zamanı uşaqlar, qadınlar, yaşlı insanlar daxil olmaqla, 147 mülki vətəndaş öldürülüb, 5 nəfər itkin düşüb, təxminən 800 nəfər yaralanıb, bir o qədər sakin qanunsuz həbs edilib.

V.Qədirov diqqətə çatdırıb ki, bu ağır günlərdə xalqını tək qoymayan ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış edib. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət verib, ovaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərib.

Bildirilib ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov çıxışlarında bildiriblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən qanlar xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Məhz bu əzmin, yenilməz iradənin sayəsində xalqımız öz müqəddəs arzusuna - milli azadlığına qovuşa bildi və bu gün müstəqil dövlət kimi dünya birliyində özünə layiqli yer tutan Azərbaycan sürətlə inkişaf edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.