QAN YADDAŞI
20 Yanvar xalqımızın hüzn və şərəf günüdür
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “20 Yanvar xalqımızın hüzn və şərəf günüdür” mövzusunda onlayn tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə ATMU-nun rektoru İlham Mədətov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin başçıları tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı və amansız cinayətdən bəhs edib. İlham Mədətov 20 Yanvar faciəsini sıradan deyil, sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün düşünülərək planlaşdırılan xüsusi ssenari əsasında həyata keçirildiyini söyləyib. O, 20 Yanvar faciəsinin ermənipərəst sovet rəhbərliyi tərəfindən törədildiyini qeyd edib, dövlət müstəqilliyimizə tuşlanan düşmən gülləsinə sinələrini sipər edən qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu, onların əziz xatirəsinin daima uca tutulacağını vurğulayıb.
20 Yanvar faciəsini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi adlandıran rektor törədilən hərbi cinayətin beynəlxalq aləmə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Qeyd edib ki, faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə, kommunist rejiminə və bu qanlı hadisəni törədənlərə qəti etirazını bildirib. Rektor Qanlı Yanvar faciəsinə hüquqi-siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Şəhidlər xiyabanında möhtəşəm abidə kompleksinin ucaldıldığını söyləyib.
Tədbirdə universitetin İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənimizin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu yenidən sübuta yetirdi. Məhərrəm Zülfüqarlı 20 Yanvar faciəsindən və ondan sonrakı günlərdə şahidi olduğu dəhşətli hadisələrdən bəhs edib.
Qeyd edək ki, ATMU-da gün ərzində 20 Yanvar faciəsinə həsr olunan əsərlər nümayiş olunub.