QAN YADDAŞI


20 Yanvar xalqımızın mübarizlik əzminin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirən tarixi bir gündür

Bakı, 20 yanvar, АZƏRTAC

20 Yanvar nəinki Azərbaycan, ümumiyyətlə, bəşər tarixinə qara hərflərlə yazılan ən faciəvi hadisələrdən biridir. Azərbaycan xalqının milli azadlıq və müstəqillik əzmini qırmaq üçün sovet rejimi tərəfindən törədilən bu qanlı hadisə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi dünya tarixində yerini aldı. Yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi cinayətkar sovet rejiminin əsl mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.

Deputat deyib ki, 1990-cı il Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlətdi. Sovet rejimi bu qanlı hadisəni törətməklə Azərbaycan xalqının mübarizə əzmini sındıracağını zənn edirdi, amma yanıldı. Həmin gün qorxu effekti yaratmaqla milli iradəmizi sındırmağa çalışdılar, amma əksinə oldu, həmrəyliyimiz daha da möhkəmləndi, bir xalq olaraq daha da bütövləşdik və dəmir yumruq kimi birləşərək 31 il sonra torpaqlarımızı erməni işğalından azad etdik. Bu mənada, 20 Yanvar təkcə hüzn günü deyil, həm də xalqımızın mübarizlik əzminin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirən tarixi bir hadisədir. Azərbaycan xalqı yumruq kimi birləşərək yenilməzliyini və nəyin bahasına olursa-olsun, öz müstəqilliyindən geri çəkilməyəcəyini bütün dünyaya göstərdi.

Deputat qeyd edib ki, bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşması və dövlət müstəqilliyimizin bərpa edilməsi prosesinə ciddi təkan verdi. Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Beləliklə, hadisəyə ilk siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verildi. İmperiyanın mərkəzində belə bir bəyanatla çıxış etmək fövqəladə cəsarət və prinsipiallıq tələb edirdi. Ümummilli Lider bütün təhdidlərə baxmayaraq, Vətənin mənafeyini hər şeydən üstün tutaraq bu qanlı hadisəni törədən şəxsləri elə Moskvanın mərkəzində kəskin şəkildə tənqid etdi. Bununla da SSRİ rəhbərliyinin hər vəchlə gizlətməyə çalışdığı hadisə ictimailəşərək dünyanın gündəm maddəsinə çevrildi.

“Üstündən 31 il ötür. Ötən müddət ərzində torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda apardığımız milli mücadilədə çoxlu sayda şəhid verdik. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, heç bir şəhidimizin qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu yağı düşməni torpaqlarımızdan qovdu. Düşmənlərimizdən fərqli olaraq biz öz qisasımızı döyüş meydanında aldıq. Heç bir şəhidimizin qanı yerdə qalmadı. 20 Yanvarda əsası qoyulan milli davamızı şanlı Zəfərlə yekunlaşdırdıq. 44 gün davam edən Vətən müharibəsində düşmənə diz çökdürdük. Təkcə Ermənistan yox, ona havadarlıq edən beynəlxalq qüvvələr də Azərbaycan xalqının milli həmrəyliyi qarşısında aciz qaldı. Prezident İlham Əliyev xalqdan aldığı gücə arxalanaraq milli maraqlarımızı qətiyyət və əzmlə müdafiə etdi. Güclü və müstəqil Azərbaycan hər bir vətəndaşımızın təhlükəsizliyinin və rifahının əsas təminatçısıdır. Bu mənada, “Güclü dövlət” konsepsiyasını böyük ustalıqla reallaşdıran Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləmək, onun ətrafında sıx birləşmək bizi gələcək təhdidlərdən qoruyan əsas amildir”, - deyə Elşad Mirbəşiroğlu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.