QAN YADDAŞI
20 Yanvar xalqımızın müstəqillik yolunda şərəf və qəhrəmanlıq səhifəsidir
Bakı, 20 yanvar, AZƏRTAC
Qanlı Yanvar hadisələrindən 31 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları keçmiş sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn Bakı şəhər sakini Cahid Bağırov deyib. O bildirib ki, 20 Yanvar xalqımızın müstəqillik yolunda şərəf və qəhrəmanlıq səhifəsidir. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır: “Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki 44 günlük Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində və şəhidlərimizin qanı bahasına qazanılan Zəfər 20 Yanvar qəhrəmanlarının ruhunu şad edib. Bütün şəhidlərimiz bir amal – azad, bütöv və firavan Azərbaycan uğrunda canlarını qurban veriblər. Xalqımız azadlıq uğrunda canlarını qurban edən bütün şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini hər zaman çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir”.