QAN YADDAŞI
20 Yanvar xalqımızın qan yaddaşı - unutmayaq, unutdurmayaq
Bakı, 21 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının əməkdaşları Ümumxalq Hüzn Gününün 30 illiyi ilə əlaqədar Keşlə qəsəbəsində yerləşən 201 nömrəli tam orta məktəblə birgə “20 Yanvar xalqımızın qan yaddaşı-unutmayaq, unutdurmayaq” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Otuz il keçməsinə baxmayaraq, hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsi sayılan Şəhidlər xiyabanını ziyarət edir.
Sonra məktəb şagirdlərinin iştirakı ilə 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər söylənilib, səhnəciklər, kompozisiya nümayiş olunub.
Məktəbin foyesində 20 Yanvar hadisələrinə aid şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub.