REGİONLAR
20 Yanvar xalqımızın qanla yazılan qəhrəmanlıq salnaməsidir
Füzuli, 17 yanvar, AZƏRTAC
Müasir Azərbaycan tarixinin hüznlü və eyni zamanda, qürur mənbəyi olan 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Füzuli rayonunda silsilə tədbirlər davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 Yanvar faciəsinə həsr olunmuş növbəti tədbir rayonun işğaldan azad olunmuş ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin iştirakı ilə 59 nömrəli tam orta məktəbdə keçirilib. Əvvəlcə 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova çıxış edərək 30 il əvvəl Bakı şəhərində törədilən faciədən, imperiya ordusunun əliyalın insanlara qarşı törətdiyi vəhşiliklərdən söz açıb, 20 Yanvar tarixini faciə günü kimi yox, xalqımızın qanla yazılan qəhrəmanlıq salnaməsi kimi səciyyələndirib. G.Eyvazova 20 Yanvar hadisələrinə ilk siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini bildirib, gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.
Tədbir Horadiz şəhər 2 və 3 nömrəli, Böyük Bəhmənli kənd 2 nömrəli, Üçüncü Zobucuq qəsəbəsi 33 nömrəli, Yeni qəsəbə 59 nömrəli, Üçbulaq kənd tam orta, Araz Dilağarda və 37 nömrəli ümumi orta məktəbin şagirdlərinin iştirakı ilə kompozisiyalarla davam edib. Sonda iştirakçılar 20 Yanvar hadisələrini əks etdirən sərgiyə baxış keçiriblər.