QAN YADDAŞI
20 Yanvar xalqımızın qəhrəmanlığını, dönməzliyini dünyaya nümayiş etdirdi
Sumqayıt, 19 yanvar, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda və Təmir-tikinti İdarəsində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Əvvəlcə kimyaçılar torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş 54 kimyaçının şərəfinə Birliyin Etilen-polietilen zavodunun qarşısındakı meydançada ucaldılmış xatirə kompleksini ziyarət ediblər.
“Azərikimya” İB-nin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, zavodun akt zalında davam edən tədbirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbir iştirakçıları xalqımızın azadlıq, istiqlal mübarizəsinin qarşısını hər cəhdlə almağa çalışan sovet imperiyasının Bakıda və respublikamızın digər şəhər və rayonlarında törətdiyi amansız qırğından, Kreml rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz, ermənipərəst siyasətindən söhbət açıblar. Qeyd olunub ki, 27 il əvvəl - 1990-cı il yanvarın 20-nə keçən gecə sovet imperiyasının nəhəng hərb maşını müstəqillik uğrunda aparılan milli azadlıq mübarizəsini qan gölündə boğmaq üçün bir neçə istiqamətdən Bakıya yeridildi. XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olmaqla, hər birimizin yaddaşına “qanlı şənbə gecəsi” kimi həkk olunan bu hərbi təcavüz nəticəsində yüzlərlə vətəndaşımız şəhidlik zirvəsinə ucaldı. 20 Yanvar xalqımızın qəhrəmanlığını, dönməzliyini dünyaya nümayiş etdirdi.
Çıxışlarda 1990-cı ilin 20 Yanvar faciəsindən sonra həyatını təhlükədə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn, Bakıda baş verənlərlə bağlı həqiqəti bütün dünyaya çatdıraraq, bu cinayətin birbaşa təşkilatçısı olanları qatil adlandıran, xalqımızın azadlıq mübarizəsinin qələbəsində, müstəqilliyimizin qorunub saxlanılmasında, ölkəmizin bugünkü sürətli sosial-iqtisadi inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyev minnətdarlıq hissi ilə xatırlanıb.