REGİONLAR
20 Yanvar xalqımızın qəhrəmanlıq səhifəsidir
Yevlax, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunub. Çünki həmin gecə xalqımız sarsılmaz iradəsini, mətinliyini göstərərək, imperiya ordusunun qarşısına əliyalın çıxdı. Şəhidlər verdi, amma məğlub olmadı. Yanvarın 20-si matəm günü kimi yox, xalqımızın qəhrəmanlıq günü kimi qeyd edilməlidir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Yevlax rayon Səmədabad kənd sakini, 20 Yanvar hadisələrinin şahidi Cahid Nəbiyev deyib. O bildirib ki, faciənin törədildiyi gecə etiraz səsini ucaldanlar arasında olub: “O vaxt indiki Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alırdım. Qanlı hadisələr baş verən gecə metronun “Gənclik” stansiyasının yaxınlığında idik. Eşitdik ki, hərbçilər Şmidt adına zavod tərəfdən hərəkət edirlər. Onların qarşısını kəsmək üçün həmin istiqamətə getdik. Ora çatanda bizi atəşə tutmağa başladılar. Ölən və yaralananlar oldu. Mən də güllə yarası aldım. Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda atəşə tutulduq. Xəstəxanada ölən və yaralılardan yer yox idi. Həkimlər ən ağır yaralıları seçib aparırdılar. Tibb Universitetinin tələbələri yaralılara tibbi yardım göstərir, qanlarının kəsilməsində, yaralarının sarınmasında köməklik edirdilər”.
C.Nəbiyev qeyd edib ki, xalqımız respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanları unutmur, xatirələrini daim uca tutur. Ötən illər ərzində yetişən gənc nəslin məhz vətənpərvərlik ruhunda tərbiyə olunmasının nəticəsidir ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində xalqımız Müzəffər Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşdi. Vətən müharibəsi xalqımızın qələbəsi ilə yekunlaşdı.