İQTİSADİYYAT


20 Yanvarda Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək

20 Yanvarda Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 20-si - Ümumxalq Hüzn Günündə “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Qanlı Yanvar tarixinin ildönümü ilə əlaqədar metropolitendə gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək. Bu məqsədlə yanvarın əvvəlindən “20 Yanvar” stansiyasının vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib, zəruri tədbirlərin təşkili üçün tapşırıqlar verilərək müvafiq işlər görülüb. Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq.

Stansiya platformasında qərənfillərdən xüsusi bədii tərtibatlı çələng qoyulacaq. Məhz platformada qoyulmuş çələngin ətrafında “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinin də daxil olduğu kollektivin üzvləri ictimaiyyətin nümayəndələri və stansiyaya gələn sərnişinlərlə birlikdə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edəcəklər.

Qeyd edək ki, ölkəmizdə şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut mərasimi saat 12:00-da keçiriləcək. Həmin vaxt üçün əvvəlcədən xüsusi işlənmiş plan əsasında bütün qatarlar stansiyalara çıxarılacaq. Qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək. Formalaşmış ənənəyə əsasən, şəhidlərimizin xatirəsinə xüsusi ehtiram əlaməti kimi günün birinci yarısında “20 Yanvar” stansiyasının platfromasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək. Gün ərzində bütün stansiyalarda günün ruhuna uyğun musiqilər və marşlar mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən radiorabitə vasitəsilə səsləndiriləcək. Qanlı Yanvar hadisəsinin ildönümündə Bakı metropoliteninin “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanını ziyarət edənlərin daha çox istifadə etdiyi “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə onların xəttə verilməsi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.