DÜNYA
20 mindən artıq nümayişçi Vyanada yeni hökumətin siyasi kursuna qarşı etiraz mitinqinə çıxıb
Vyana, 14 yanvar, AZƏRTAC
Avstriyada təşkil olunmuş yeni hökumətin fəaliyyətinə etiraz olaraq Vyananın mərkəzində 20 mindən artıq nümayişçinin iştirakı ilə dinc etiraz aksiyası keçirilib. Şəhərin əsas küçələri ilə hərəkət edən nümayiş Prezident Aparatı və Federal Kansler Aparatının yerləşdiyi Heldenplatz meydanında etiraz mitinqi ilə yekunlaşıb.
Bir neçə siyasi qurumun birgə təşkil etdiyi etiraz yürüşündə Avstriya Xalq Partiyası (ÖVP) və sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) təşkil etdiyi hökumət rassist və sağçı eksremist tendensiyalara meylli olmaqda tənqid olunub. „Humanist sığınacaq siyasəti“, „Sağçılara qarşı hücum“, „Radikal solçular“ platformaları ilə yanaşı aksiyaya yaşlı nəslin nümayəndələrindən ibarət „Nənələr sağçılara qarşı“ kimi sosial şəbəkələr vasitəsilə formalaşmış qruplar da qatılıblar.
Nümayişçilərin əsas hədəfi isə yeni hökumətdə daxili işlər naziri vəzifəsini tutan Herbert Kikl (FPÖ) olub. Qaçqın və miqrantlarla bağlı sərtləşdirilmiş qaydaların tətbiqinə tərəfdar olan H. Kiklin gələcəkdə ölkəyə gələn qaçqınları mərkəzləşdirilmiş (almanca: konzentriert) şəkildə kamplarda saxlamaq təklifi böyük medial səs-küyə səbəb olub. Daxili işlər nazirini tənqid edənlər onu bilərəkdən nasist əsir düşərgələri (Konzentrationslager) ilə assosiasiya yaradan anlayışlardan istifadə etməkdə və siyasətini də bu istiqamətdə təşkil etməkdə ittiham ediblər.
Nümayişdə həmçinin yeni hökumətin ali təhsil müəssisələrinə qəbul şərtlərinin çətinləşdirmək niyyəti, əmək bazarının aşağı seqmentindəki işçilərin vergi yükünü azaltmaq üçün heç bir tutarlı proqram həyata keçirməməsi və əsasən də qaçqın və miqrantlarla bağlı restriktiv qaydaların tətbiqinə çalışması əsas tənqid hədəfləri olub.
Mindən artıq polisin nəzarəti altında keçən etiraz aksiyası dinc şəraitdə başa çatıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana