CƏMİYYƏT


20 oktyabr Ümumdünya Osteoporozla Mübarizə Günüdür

Bakı, 20 oktyabr, AZƏRTAC

Osteoporoz sümük toxumasının zədələnərək nazikləşməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən metabolik xəstəlikdir. Bir qayda olaraq, tədricən yaranır və zaman keçdikcə inkişaf edir. Sümükdə gedən dəyişiklikləri xarakterizə edən osteoporoz terminini ilk dəfə XIX əsrdə fransız cərrahı Yakob Lobşteyn işlədib.

1997-ci ildən hər il oktyabrın 20-da Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə profilaktika, diaqnostika və metabolik sümük xəstəliklərinin müalicəsi haqqında cəmiyyəti məlumatlandırmaq məqsədi ilə Ümumdünya Osteoporozla Mübarizə Günü qeyd edilir. Builki mübarizə günü "Sağlam uşaqlıq - sümüklərin sağlam gələcəyidir" şüarı altında keçiriləcək.

AZƏRTAC xəbər verir ki, osteoporoz heç bir sərhəd tanımadan artan qlobal problemdir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, xəstəlik yayılma dərəcəsinə görə ürək-damar, onkoloji və şəkərli diabet xəstəliklərindən sonra infeksiyasız xəstəliklər arasında dördüncü yeri tutur. Statistikaya görə, dünyada 50 yaşdan sonra hər üç qadından və hər beş kişidən biri osteoporozdan əziyyət çəkir.

Başlanğıc mərhələdə osteoporoz qətiyyən özünü büruzə vermir, hətta onun başlanılmasından on il keçəndən sonra da orqanizmdə gedən dəyişikliklərdən xəbər tutmaq olmur. Sümük kütləsinin əriməsi ağrıyla müşayiət olunmur, bəzən kürəyin aşağı hissəsində sızıltılar əmələ gəlir. Sağlam sümüklərdən fərqli olaraq, osteoporoz zamanı sümük əriməsi yenilərinin yaranmasından daha sürətlə gedir, nəticədə skeletin ümumi həcmi azalır. Sümük əriməsinin miqdarı dörddəbirə çatanda güclü osteoporoz başlayır. Həmin xəstəlik üçün fəqərələrin deformasiyası və hərəkət vaxtı artan bel ağrısı, böyük və xırda sümüklərin çoxlu sınıqları tipikdir. Osteoporozu travmatoloq-ortoped xəstənin rentgendən çıxarılmış sümüklərini xüsusi müayinəyə göndərəndən sonra aşkar edə bilər.

Osteoporozun profilaktikası üçün, ilk növbədə, artıq çəkidən xilas olmaq lazımdır. Pəhriz gözlənilməli, duzlu və ətli qidaların qəbulu minimuma endirilməlidir.

Osteoporozun inkişafının qarşısını almaq üçün həkimin təyin etdiyi tibbi vasitələrlə yanaşı, dayaq-hərəkət sisteminin yığılıb-açılmasına yönəldilən müalicəvi gimnastik hərəkətlər də məsləhət görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.