SİYASƏT
Misir portalı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalından yazıb
Qahirə, 13 may, AZƏRTAC
Misirin “Yeni dünya xəbərləri” portalında Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı haqqında xəbər yayımlanıb.
AZƏRTAC-ın materialına istinadla yayımlanan xəbərdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər. Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.
Xəbərdə vurğulanıb ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında - Şuşada xarıbülbülün çiçəklənmə dövründə təşkil olunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə