CƏMİYYƏT
“Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinə start verilib
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, BMqT İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində işçi qrupunun ilk görüşü olub. Hibrid formatda keçirilən tədbirdə müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatların, bankların, Azərbaycanın diaspor təşkilatlarının, ölkəmizdə yaşan miqrantların assosiasiyalarının və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Görüşün açılış mərasimində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov çıxış ediblər.
Çıxış edənlər pul köçürmələri üzrə qiymətləndirilmənin aparılması, bu prosesdə iştirak edən bütün aidiyyəti tərəflərin təhlili, innovativ rəqəmsal pul köçürmələri sisteminin yaradılması ilə bağlı yol xəritəsinin hazırlanması və belə tətbiq sisteminin sınaqdan keçirilməsi də daxil olmaqla layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə iştirakçıları məlumatlandırıblar.
Layihənin əsas məqsədi azərbaycanlı miqrantların və Azərbaycanda yaşayan miqrantların, eləcə də pul köçürmələri zamanı ölkəmizdə və xaricdə vəsait alanların maliyyə inklüzivliyini və rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığını artırmaqla onların yaşayış səviyyəsinin davamlı inkişafına töhfə verməkdir.