SİYASƏT
“Diplomat magazine” jurnalı Azərbaycanın Niderlanddakı səfirinin məqaləsini yayıb



Haaqa, 18 may, AZƏRTAC
Avropanın məşhur “Diplomat magazine” jurnalında Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fikrət Axundovun “Azərbaycan müstəqilliyinin 104 illiyini qeyd edir” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə birinci Azərbaycan Respublikasının yaranmasından bəhs olunub. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olub. İslam dünyasında ilk dəfə olaraq məhz respublikamızda qadınlara seçki hüququ verilib. O vaxt Azərbaycan parlamenti bir çox dini və etnik qrupların nümayəndələrinin sərbəst, ayrı-seçkilik etmədən və bərabər şəkildə öz fikirlərini ifadə edə bildiyi bir platforma olub. Qeyd edilib ki, 1918-ci ildə Azərbaycan Respublikasının ərazisi ölkənin indiki ərazisindən xeyli böyük - 114 min kvadratkilometr olub. Ancaq təəssüf ki, birinci respublika cəmi təxminən iki il mövcud olub.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bu gün bir çox regional və beynəlxalq təşkilatların üzvüdür. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. 2019-cu ildən isə Qoşulmama Hərəkatına sədrlik edir. Bu gün Azərbaycan artıq donor ölkəyə çevrilib.
Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizəyə verdiyi töhfələrdən söz açan səfir ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizədə 80-dən çox ölkəyə maliyyə, tibbi və humanitar yardım göstərdiyi, dünya ölkələri arasında peyvəndlərin ədalətli bölünməsi təşəbbüsünü irəli sürdüyünü vurğulayıb.
Bildirilib ki, 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkəmiz işğaldan azad olunmuş ərazilərində yaşıl enerji siyasəti həyata keçirir, “ağıllı şəhər” və “ağıllı kəndlər” inşa edir. Azərbaycan Ukraynadakı mövcud vəziyyət fonunda bu ölkəyə humanitar yardım göstərən və yardımı davam etdirən ilk dövlətlərdən olduğu qeyd edilib.
Eyni zamanda, vurğulanıb ki, Azərbaycan etibarlı beynəlxalq tərəfdaşdır və Cənubi Qafqazda irimiqyaslı infrastruktur, nəqliyyat və enerji layihələrinin təşəbbüskarıdır. Zəngin resursları, əlverişli coğrafiyası, eləcə də xalqının qonaqpərvərliyinə görə ötən illər ərzində Azərbaycan regionun əsas investisiya məkanına çevrilib. Coğrafi mövqeyinə görə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub arasında əsas nəqliyyat qovşağına çevrilib.
Yazıda, həmçinin Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında rolundan bəhs olunub. Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən danışılıb, mədəniyyət, musiqi, incəsənət, mətbəx haqqında ətraflı məlumat verilib. Müsəlman və Şərq dünyasında ilk opera və ilk baletin Bakıda tamaşaya qoyulduğu diqqətə çatdırılıb.
Dünyada ilk neft quyusunun Bibiheybətdə qazıldığı qeyd edilərək, hələ 1901-ci ildə Azərbaycan dünya neftinin yarıdan çoxunu istehsal etdiyi xatırladılıb. Vurğulanıb ki, 1901-ci ildə təsis edilən Nobel mükafatının təqribən 12 faizi Alfred Nobelin Bakıdakı Nobel qardaşlarının neft şirkətinin səhmlərindən gəlir.
Sonda Azərbaycanın Qarabağ bölgəsində yerləşən Azıx mağarasının ən qədim insan yaşayış məskəni olmasından bəhs edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa