MƏDƏNİYYƏT


Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Tarixi və Mədəniyyəti Fondu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Daşkənd, 25 may, АZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla Türk Tarixi və Mədəniyyəti Fondunun (TTMF) rəhbəri Nizamettin Aykurt arasında görüş keçirilib, iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Nizamettin Aykurt fondun əsas fəaliyyətinin türk dünyasının mədəni irsinin qorunması, Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan ölkələrin mədəniyyət və təhsil qurumları, ictimai təşkilatları ilə əməkdaşlıq olduğunu bildirib. Azərbaycanla mədəni əlaqələrin inkişafında maraqlı olduqlarını bildirən fond rəhbəri həyata keçirdikləri beynəlxalq layihələr, arxiv və əlyazma sənədlərinin araşdırılması sahəsində görülən işlər, habelə “OTIRAR” Türk dünyası Beynəlxalq Elektron Kitabxanasının (BEK) yaradılması haqqında məlumat verib. O deyib ki, kitabxanada bu günə qədər 80 min kitabın elektron nüsxəsinin toplandığını və kitabxananın əsas məqsədinin türk xalqlarının mədəni irsinin qorunub saxlanılması, zənginləşdirilməsi, dəyərli nəşrlərin rəqəmsal toplusunun birgə yaradılması, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirməsindən ibarətdir.

AMM-in direktoru Samir Abbasov TDT çərçivəsində mədəni əməkdaşlığın daha da genişləndirilməsi, dövlət başçılarımızın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətindən söhbət açıb. Direktor Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edildiyini və bu istiqamətdə mərkəz tərəfindən çoxsaylı layihələrin həyata keçirildiyini söyləyib, TTMF-ni bu layihələrdə iştiraka dəvət edib.

S.Abbasov Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsimizə, abidələrimizə böyük ziyan vurduğunu, bütün infrastrukturun, xalqımızın min illərlə yaratdığı mədəni irsin, mədəniyyət abidələrinin dağıdıldığını və məhv edildiyini qeyd edib. O, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işləri, mədəniyyət abidələrinin bərpası istiqamətində dövlətimizin və Heydər Əliyev Fondunun həyata keçirdiyi işlər haqqında danışıb. O, AMM-nin layihələri haqqında məlumat verib, 98 adda Azərbaycan mədəniyyəti, ədəbiyyatına dair nəşrlərin özbək dilinə tərcümə olunduğunu və Daşkənddə çap edildiyini, Özbəkistan arxivləri, əlyazma fondları ilə sıx əməkdaşlıq edildiyini bildirib.

S. Abbasov Mədəniyyət Mərkəzinin Özbəkistanda həyata keçirdiyi layihə əsasında 2019-cu il “Nəsimi İli” çərçivəsində Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə dair qiymətli əlyazmaların, bu il isə böyük Azərbaycan şairi Şah İsmayıl Xətainin 535 illiyi ilə əlaqədar şairin nadir divanının aşkar edildiyini və onların tədqiqata cəlb olunduğunu vurğulayıb. O, yaxın günlərdə “Xətainin divanının Daşkənd nüsxəsi” adlı nadir faksmil nəşrinin işıq üzü görəcəyini qeyd edib.

Direktor AMM-nin layihəsi ilə Türk xalqlarının ortaq dəyəri, Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (VI–VII əsrlər) “Kitabi-Dədə Qorqud” dastanının özbək dilində kitab halında nəşr olunduğunu bildirib.

S.Abbasov gələcəkdə TTMF ilə xalqlarımızın tarixi, mədəniyyəti, ortaq dəyərləri, nəşr sahəsi, arxivlərdə araşdırmaların aparılması istiqamətində birgə tədbirlərin, təqdimatların, layihələrin həyata keçirilməsi təklifi ilə çıxış edib.

Müzakirələrin yekunu kimi birgə layihələrin reallaşdırılması haqqında razılıq əldə olunub.

Görüşdə 2022-ci ildə Türkiyənin Bursa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar bu şəhərdə bir sıra tədbirlərin keçirilməsi, “Xivə-Bursa-Şuşa Türk dünyasının mədəniyyət paytaxtları” mövzusunda sərginin açılması, 3 dildə Şuşaya dair nəşrin, habelə özbək dilinə tərcümə olunan “Kitabi Dədə Qorqud” dastanının Bursada təqdimatının keçirilməsi, yaradılan “OTIRAR” Türk dünyası BEK layihəsinə AMM-in dəstək göstərməsi, Özbəkistanda və Azərbaycanda əlyazmaların tədqiqi, Türkiyə arxivlərində region ölkələrinə dair saxlanılan qədim xəritələrin üzv ölkələrdə yayılması, muzeylərə əvəzsiz olaraq göndərilməsi və s. məsələlərə dair razılıq əldə olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.