CƏMİYYƏT


Narkomaniya ilə əvvəlcə psixoloji, sonra sosial və tibbi mübarizə aparmaq lazımdır

Bakı, 26 may, AZƏRTAC

Maddələr mübadiləsinə və sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik deyilir. O elə bir maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyini tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki qüsurlarla nəticələnə bilir.

Narkotiklər hissləri, düşüncəni və əhval-ruhiyyəni dəyişməyə qadirdir. Belə xəstələr narkotikin qəbulunu dayandırdıqdan və ya dozanı azaltdıqdan bir müddət sonra onlarda fiziki və psixi pozulmalar

yaranır. Bu isə öz növbəsində asılılıq nəticəsində yaranan şiddətli ağrılara aparıb çıxarır. Psixotrop maddələrə alışan insan ağrılardan azad olmaq və narkotik əldə etmək üçün hər cür üsullara əl atır.

AZƏRTAC xəbər verir ki, psixoterapevt Elgiz Əkbər deyib: “Narkotikə qurşanan insanda artıq narkotik asılılığı olmazdan qabaq asılılıq problem olur. Bu, daha çox onların xarakterindən irəli gəlir. Hansı evdə ailə bağlarında zəiflik varsa, həmin ailələrdə uşaqlar narkotikə yuvarlanmağa meyilli olurlar. Bu sahədə ətrafda olanların rolu çox böyükdür, çünki bu, zərərli bir zəncir kimidir, onlar bu zərərli vərdişi bir-birinə yaya-yaya gedirlər”.

Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükəlidir. Narkotik maddələrin qəbul edilməsi insanın fiziki və psixoloji cəhətdən məhv edir, yaddaşı və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Eyni zamanda bu hal orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün azalmasına gətirib çıxarır. Bundan başqa, qaraciyər və böyrəklərin funksiyası da pozulur.

“Narkomaniya ilə əvvəlcə psixoloji, sonra sosial və tibbi mübarizə aparmaq lazımdır. Doğrudur, bəzən dərmanlar qəbul etməyi, yaxud qanda narkotiklərin yuyulması prosesini həyata keçirməyi müalicə hesab edirlər, lakin bu, müalicə deyil. Bu, narkotiklə zəhərlənmədən xilasdır, xəstə zəhərlənmədən xilas olur, amma narkotikdən asılılıq qalır. Həmin asılılıqdan xilas olmaq üçün çoxşaxəli müalicə alqoritmi qurumalıdır, çünki bu zaman mütləq depressiya əleyhinə müalicə aparılmalıdır”.

Narkotik beyin funksiyalarına və bütün orqanizmə təsir edir, zaman keçdikcə sağlamlığa ziyan vurur, zehni və davranış problemləri yaradaraq insanın yaxın münasibətlərinə, ictimai və peşə həyatına mənfi təsir göstərir. Narkomanların əksəriyyəti üçün zehni pozğunluq diaqnozu ömürlük dəyişməz qalır və təhlükəsiz narkotik maddə yoxdur. Ona görə də bu zərərli vərdişdən istifadə edilməsi gələcəyini və sağlamlığını təhlükəyə atmaq deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.