ELM VƏ TƏHSİL


AzMİU-da elmi konfrans: Müstəqil Azərbaycan Cümhuriyyətin varisidir

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 28 May – Müstəqillik Günü münasibətilə “Müstəqil Azərbaycan AXC-nin varisidir” adlı elmi konfrans keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, konfransda Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixindən danışıb. O, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Milli Məclisin deputatı İlham Məmmədov AXC-nin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu vurğulayıb. Qeyd edib ki, müstəqil Azərbaycan Respublikası AXC-nin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynəlxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial-iqtisadi, enerji, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir.

Deputat Bəhruz Məhərrəmov qeyd edib ki, Cümhuriyyət dövründə toplanılan tarixi təcrübə, əsası qoyulan demokratiya, demokratik dövlət quruculuğu bu gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında uğurla həyata keçirilir və inkişaf etdirilir. Digər deputat Naqif Həmzəyev çıxışında AXC-nin parlamentarizm ənənələrini formalaşdırmasına, idarəetmənin hüquqi əsaslarını yaratdığına, müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji mədəni və tarixi əsaslarının müəyyənləşdirilməsində böyük rol oynadığına diqqət çəkib.

AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev ulu öndər Heydər Əliyevin “müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” kəlamını xatırladaraq bildirib ki, Ümummilli Lider hər zaman tarixi dəyərlərə, o cümlədən AXC-nin dövlətçilik ənənələrinə hörmətlə yanaşırdı və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayırdı.

Tələbələr çıxışlarında bugünkü gəncliyin müstəqilliyimizin qorunması və daha da möhkəmlənməsi, müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsində üzərlərinə düşən məsuliyyəti tam dərk etdiklərini diqqətə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.