MƏDƏNİYYƏT


Milli Kitabxanada “Azərbaycan Dövlət Himninin qəbul olunmasının 30 illiyi” adlı virtual sərgi açılıb

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Dövlət Himninin qəbul olunmasının 30 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında eyniadlı virtual sərgi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan himni haqqında rəsmi sənədlər, fotolar, dövlət rəmzləri haqqında kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələr əks olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Azerbaycan_Dovlet_Himni/index.htm linkindən istifadə edə bilərlər.

1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” Qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilib.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən digər dövlətçilik atributları ilə yanaşı, Dövlət Himnimizin yaradılması sahəsində də müəyyən addımlar atılmış, qərarlar qəbul edilmişdi. Müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin layihəsi 1919-1920-ci illərdə hazırlansa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməmişdir.

Himnin dövlətçilik və istiqlal simvolu kimi mənşəyi türk xalqları, o cümlədən Azərbaycan dövlətçiliyi tarixində qədimdir. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın Dövlət Himni haqqında deyib: “Azərbaycanın gözəl himni var... Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəylidir. Himnimizin sözlərini böyük şairimiz Əhməd Cavad yazıbdır. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir”.

Dövlət Himni dövlətçiliyimizin əsas atributu olub, milli birliyimizin - azərbaycançılığımızın müqəddəs rəmzidir. Dövlət Himnimiz müstəqilliyin musiqi və sözlə ifadə edilən müqəddəs simvolu, rəmzi, atributu olaraq milli və dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil müəssisələrində və mövcud qanunvericiliklə müəyyən edilən digər hallarda həmişə ayaqüstə, böyük coşqu ilə, milli qürurla oxunur və dinlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.