REGİONLAR


Selçuk Bayraktar Şuşada – YENİLƏNİB 2

Şuşa, 27 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan”ın Türkiyədən olan nümayəndə heyəti mayın 27-də erməni işğalından azad olunan Şuşaya səfər edib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın da tərkibində olduğu nümayəndə heyəti Şuşada erməni vandalizminin izləri, eləcə də aparılan tikinti-quruculuq işləri ilə tanış olublar.

Cıdır düzü ilə tanışlıq zamanı Selçuk Bayraktar jurnalistlərə açıqlamasında deyib ki, yenidən eyni ağrılı hadisələrin yaşanmaması üçün “TEKNOFEST”də yüksək texnologiyanın inkişafı, müstəqillik üçün göstərilən səyin cəmiyyətə, gənclərə nümayiş etdirilməsi çox vacibdir: “Biz texnologiyanı inkişaf etdiririk ki, möhtəşəm təbiəti, tarixi mədəniyyət mirası olan, əcdadlarımızdan qalan bu torpaqların dəyərini daha yaxşı anlayaq. Hər kəsi Bakıda keçirilən “TEKNOFEST”də iştirak etməyə dəvət edirəm. Eyni zamanda, mümkün olarsa qədim Qarabağ torpağını, Şuşanı ziyarət etməyi tövsiyə edirəm. Uzaqdan görməklə gedib öz gözlərinlə görmək arasında fərq çoxdur. Vətənin nə demək olduğunu, hansı çətinliklərlə, mübarizə ilə qorunduğunu anlamaq üçün torpağı qarış-qarış gəzmək lazımdır. Burada çalışan bir polis uşaq vaxtı çıxdığı bu torpaqlarda indi övladları ilə gəzdiyindən danışdı. “TEKNOFEST”də olan zaman da yaşlılardan öz torpaqlarından hansı ağrı-acılarla getdikləri barədə danışdıq. Bütün bunları ancaq gedib öz gözlərinlə görəndə başa düşürsən. Bunları uşaqlara, növbəti nəsillərə başa salmağımız, Vətən sevgisi aşılamağımız lazımdır. Ən əsası bütün dünyanın heç kimin torpağında gözümüzün olmadığını, amma bizim torpaqlarımızda gözü olanlarla da sona qədər hər sahədə mübarizə aparacağımızın bilməyini istəyirik. Müharibə zamanı bu yerlərin qayalıq və çətin relyefə malik olduğunu eşidirdik. Amma qiymətli yerlərin mübarizəsi də çətin olur. Buralar möhtəşəm təbiətə malikdir. Bu yerlərin müharibə ilə işğaldan azad edilməsi və dünya tarixinə PUA-lar vasitəsilə azad edilən ilk müharibə kimi düşməsi texnologiyanı inkişaf etdirən mühəndislər olaraq bizim üçün böyük məna ifadə edir. Bunu da başqalarına nümayiş etdirmək üçün “TEKNOFEST” təşkil edilib. “TEKNOFEST” Türkiyədən sonra ilk dəfə can Azərbaycanda keçirilir. İnanıram ki, gənclər çox daha böyük işlərə imza atacaqlar".

“Təbiətdə nadirən olan, yaxamda döş nişanı olaraq taxdığım xarıbülbülü görmək fürsətimiz oldu. Həmçinin xarıbülbül çiçəyini mənə və həyat yoldaşıma hədiyyə etdilər. Onun xatirəsini yaşatmaq üçün gözümüz kimi baxıb saxlayacağıq”, - deyə Selçuk Bayraktar bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.