CƏMİYYƏT


Azərbaycan xalqı xoşbəxtdir ki, Müstəqillik Gününü tarixi Zəfərimiz fonunda qeyd edir

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May- Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə YAP Xətai rayon təşkilatının qərargahında 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc tərtibatçı rəssamlar” dərnəyi üzvlərinin müasir müstəqil Azərbaycanın dünənini, bu gününü və gələcəyini özündə əks etdirən rəsmlərinə baxıblar.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan xalqımızın ümummilli lideri Heydər Əliyevin Cümhuriyyətin ölkəmizin müstəqillik tarixində mühüm yerindən danışıb. O, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyini bildirib, Ulu Öndərin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edib.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi dəyərləndirib. Bildirib ki, biz Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olması ilə haqlı qürur duyuruq.

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 illiyini bir-birindən mühüm uğurlarımız, tarixi Zəfərimiz fonunda qeyd edirik”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Cümhuriyyət 23 aydan sonra süqut etdi. Bu hadisə onu göstərdi ki, Ulu Öndərin dediyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə XI Qızıl Ordunun işğalı nəticəsində endirildi. Ondan sonra ilk dəfə olaraq bu bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı və təsis etdi. Müstəqilliyə gedən yol bu tarixi andan başladı.

Vüqar Rəhimzadə vurğulayıb ki, 1991-ci ildə Azərbaycan da müstəqilliyinə qovuşdu. XX əsrdə ikinci dəfə müstəqillik qazanan Azərbaycan ilk illərdə yenə də onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz o dövrdə xalqımız nicat yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. 1993-cü il iyunun 15-də müasir tariximizdə dönüş nöqtəsi oldu. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmləndi.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlətimizin başçısı İlham Əliyev müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin tarixi paralellər fonunda təhlilini daim qarşıya mühüm vəzifə kimi qoyur. Prezidentin Sərəncamı əsasında 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi çoxəsrlik tariximizin öyrənilməsində, gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynadı. Bir sözlə, 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları, tarixin ən güclü Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi, ölkəmizin regional lider statusu qazanması və regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləməsi, beynəlxalq miqyasda sayılan, nüfuzlu dövlətə çevrilməsi bu günümüzün reallıqlarıdır.

V.Rəhimzadə bildirib ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan inkişaf yolunda iri addımlarla irəliləyir.

Tədbir 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında müstəqilliyimizə həsr olunan şeirlərin səsləndirilməsi, mahnı və rəqslərin ifası ilə davam edib.

Sonra Azərbaycanın müstəqillik tarixini özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbir şagirdlərin ifasında “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.