REGİONLAR


Muxtar respublikanın rayonlarında Müstəqillik Günü ilə bağlı silsilə tədbirləri keçirilib

Naxçıvan, 28 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının rayonlarında 28 May - Müstəqillik Günü qeyd edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayon mərkəzlərindəki mədəniyyət saraylarında keçirilən tədbirlərdə müstəqillik tariximizlə bağlı məlumatlar verilib. Qeyd olunub ki, Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrdən biridir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə xalqımızın tarixi taleyində mühüm rol oynayıb, dövlətçilik tariximizin əsaslarını daha da zənginləşdirib.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi həyata keçirilən inkişaf strategiyası, balanslaşdırılmış xarici siyasət, ordu quruculuğu nəticəsində şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək tarixi zəfərə imza atıb, uzun müddət işğal altında olan torpaqlarımızı azad edib. Bu, Azərbaycan xalqının böyük tarixi Qələbəsidir. Bununla Müstəqillik Günü ikiqat əlamətdar tarixi bayrama çevrilib.

Diqqətə çatdırılıb ki, müstəqillik illərində Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında istifadəyə verilən yüzlərlə təhsil və səhiyyə müəssisəsi, inzibati və yaşayış binaları, abadlığı və gözəlliyi ilə bir-biri ilə yarışa girmiş kənd yaşayış məntəqələri, tikilən və ya bərpa edilən məscidlər, tarixi abidələr, abadlaşan yollar və körpülər, salınan minlərlə hektar yaşıllıqlar, yaradılan çoxsaylı istehsal müəssisələri, rahat və müasir nəqliyyat infrastrukturu, dayanıqlı enerji təminatı müasir Naxçıvanın reallıqlarıdır. Müstəqillik illərində muxtar respublikanın inkişafını təmin etmək məqsədilə icrası uğurla başa çatan və hazırda icrası davam etdirilən Dövlət proqramları ümumi inkişafa təkan verib, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlayıb. Bütün bu inkişaf və tərəqqinin işığında naxçıvanlılar Müstəqillik Gününü hər il böyük uğurlarla qarşılayırlar.

Tədbirlərdə konsert proqramları təqdim olunub. Müstəqilliyimizi, Vətənimizi, üçrəngli bayrağımızı, ordumuzu vəsf edən, Ümummilli Liderimizə, dövlətimizin başçısına həsr olunmuş ifalar alqışlarla qarşılanıb. Rayon mədəniyyət şöbələrinin müxtəlif musiqi kollektivləri xalq mahnıları, rəqs və yallı nümunələri ilə tədbir iştirakçılarına əsl bayram ab-havası bəxş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.