SİYASƏT


Səbinə Xasayeva: İşğaldan azad edilmiş ərazilərdə görülən işlər normal həyatın tezliklə bərqərar olunacağının zəmanətidir

Bakı, 28 may, AZƏRTAC

Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri əlamətdar hadisələrlə yadda qaldı. Dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi, Zəngilan Beynəlxalq Hava Limanında, Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar, həmçinin Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Vətən müharibəsində Zəfərimizdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə hər səfəri quruculuq işlərinin vüsətini artırır. İşğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı quruculuq işləri Zəfərimizin davamıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

“Prezidentimizin və birinci xanımın hər səfəri yeni tikinti, yeni quruculuq deməkdir. Dövlətimizin başçısının görülən işlərlə şəxsən maraqlanması Böyük Qayıdış prosesini daha da sürətləndirir. Cəbrayıl rayonunda Horadiz – Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının təməlinin qoyulması işğaldan azad edilmiş ərazilərdə normal həyatın tezliklə bərqərar olunacağının zəmanətidir.

Zəngilanda 40 hektar sahədə intensiv ərik bağı salınması çox müsbət haldır. Burada hər biri 10 hektar olmaqla 4 çeşiddə ting əkilib və gələcəkdə genişlənməsi nəzərdə tutulur. Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Fondun inşa etdirdiyi Zəngilan məscidində tikinti işləri davam etdirilir.

Dövlətimizin gücü və qüdrəti sayəsində Qarabağda həyat yenidən öz əvvəlki axarına qaytarılır, infrastruktur yenidən qurulur, yollar çəkilir, dini abidələr, məscidlər bərpa edilir, bağlar salınır”, - deyə S.Xasayeva qeyd edib.

Deputat bildirib ki, işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra beynəlxalq statuslu daha iki aeroport tikilməkdədir. Onlardan biri də Zəngilan hava limanıdır. Digəri isə Laçın rayonunun ərazisində inşa olunur. Zəngilan Beynəlxalq Hava Limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika habına çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

S.Xasayeva qeyd edib ki, Zəngilanda inşa edilən İşğal və Zəfər muzey kompleksləri tariximizin, başımıza gətirilənlərin unudulmaması baxımından çox əhəmiyyətlidir. Muzey komplekslər gənclərin, yeniyetmələrin vətənpərvərlik duyğularının formalaşmasında, yüksəlişində tarixi mənbə rolunu oynayacaq.

“Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri Azərbaycanın xarici siyasətinin mahiyyətinin göstəricisidir. Dostlar sevinir, düşmən isə xar olur. Bu səfərlər və orada görülən işlər sübut edir ki, biz öz torpağımıza, köklərimizə çox bağlıyıq. Otuz ilə yaxın əsarət altında olan torpaqlarımıza indi can gəlir, insanlarımız tezliklə öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Çünki onların həmin torpaqlarda yaşamaları üçün hər cür şərait yaradılır”, - deyə Səbinə Xasayeva bildirib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.