SİYASƏT


Türkmənistanda Müstəqillik Günü münasibətilə təntənəli rəsmi qəbul keçirilib

Aşqabad, 29 may, AZƏRTAC

Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən Aşqabadda yerləşən Yıldız otelində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkədə pandemiya səbəbindən məhdud sayda qonaq dəvət edilən qəbulda Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Çarı Qılıcov, Türkmənistanda fəaliyyət göstərən xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin rəhbərləri və yüksək vəzifəli əməkdaşları, eləcə də soydaşlarımız iştirak ediblər. Tədbir Azərbaycanın və Türkmənistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

104 il əvvəl, 1918-ci ilin bu günü Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu diqqətə çatdıran Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov bu mühüm tarixi hadisənin Azərbaycan tarixində əlamətdar olduğunu və müasir Azərbaycan dövlətçiliyinin qurulmasında böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Xalq Cümhuriyyətinin Birinci Dünya müharibəsindən sonra dünyadakı çətin geosiyasi vəziyyətə baxmayaraq, qısa müddətdə beynəlxalq birlik tərəfindən tanındığını bildirən səfir, Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilən islahatların həmin dövr üçün inqilabi olduğunu vurğulayıb. Səfir, qadınlara seçki hüququnun verilməsinin, milli, siyasi və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar üçün bərabər hüquqların tanınmasının həmin dövrü qabaqlayan islahatlar olduğunu diqqətə çatdırıb.

Xalq Cümhuriyyətinin yalnız 23 ay yaşamasına baxmayaraq, Azərbaycan xalqının demokratik prinsiplərə əsaslanan öz milli dövlətini qurmaq iradə və qabiliyyətini sübut etdiyini bildirən səfir, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra müasir Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin siyasi, hüquqi və mənəvi varisi olduğunu qeyd edib.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda güclü dövlət, demokratik vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatının yaradıldığını vurğulayan Həsən Zeynalov, ölkənin müstəqilliyinin əbədi, dönməz və sarsılmaz hala gətirildiyini söyləyib.

Səfir çıxışında Azərbaycanın Cənub Qaz Dəhlizi, Bakı-Tiflis-Ceyhan enerji layihəsi, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələri kimi əsas beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin təşəbbüskarı və fəal iştirakçısı olduğunu xatırladıb.

2020-ci ilin payızında Azərbaycanın həyatında çox mühüm hadisənin baş verdiyini - Azərbaycanın Ermənistanın 30 illik işğalına son qoyduğunu, beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyini xüsusilə vurğulayan səfir, hazırda Azərbaycan hökumətinin işğal zamanı tamamilə dağıdılmış yüzlərlə yaşayış məntəqəsinin bərpası, bir milyon məcburi köçkünün öz torpaqlarına qayıtması üçün infrastrukturun yaradılması istiqamətində böyük işlər gördüyünü diqqətə çatdırıb.

Hazırda Azərbaycanın Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünü və sərhədlərini tanıyan sülh sazişi üzərində işləməyə hazır olduğunu bəyan edən H. Zeynalov, regionda münaqişənin başa çatması ilə ilk növbədə nəqliyyat-kommunikasiya sektorunda yeni əməkdaşlıq imkanlarının yarandığını və bu imkanların yalnız Qafqaz ölkələrinin deyil, həm də yeni imkanlardan yararlanan bütün ölkələrin maraqlarına xidmət edəcəyini bildirib.

Azərbaycanla Türkmənistan arasındakı münasibətlərə toxunan diplomat, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Arkadağı Qurbanqulu Berdiməhəmmədovun məqsədyönlü və müdrik siyasətləri nəticəsində ölkələrimizin strateji tərəfdaşa çevrildiklərini nəzərə çatdırıb, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə Azərbaycanla strateji əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səfir vurğulayıb ki, Azərbaycan və Türkmənistan nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq edir. O, ölkələrimizin dostluq və mehriban qonşuluq ənənələrinə, qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verildiyini bildirib.

Bir neçə gündən sonra, iyunun 9-da ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyini deyən səfir, ölkələrimizin dostluq, qardaşlıq və mehriban qonşuluq ənənələrinə və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyini, Azərbaycanın və Türkmənistanın istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, ilk növbədə, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini söyləyib.

Ölkələrimizin tarixi Böyük İpək Yolunun bərpasında və daha da inkişaf etdirilməsində fəal iştirak etdiklərini xatırladan səfir, müasir infrastrukturun yaradılması, o cümlədən Azərbaycan və Türkmənistanda yeni beynəlxalq dəniz limanlarının fəaliyyət göstərməsini, avtomobil və dəmir yollarının çəkilməsinin bu istiqamətdə öz töhfəsini verdiyini qeyd edib.

Azərbaycanla Türkmənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və güclənməsinin təkcə bu iki ölkə üçün deyil, bütövlükdə Avrasiya bölgəsi üçün faydalı olduğunu bildirən səfir, Azərbaycanla Türkmənistan arasında ticarət əlaqələrinin də sürətlə inkişaf etdiyini, ötən illə müqayisədə bu il ticarət dövriyyəsinin beş dəfə artacağını vurğulayıb.

Tarix, dil və mədəni əlaqələrin xalqlarımızı sıx birləşdirdiyini və bunun əməkdaşlığımızın daha da dərinləşməsi üçün möhkəm zəmin yaratdığına diqqət çəkən diplomat, sonda Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı münasibətləri dəqiq səciyyələndirən – “Azərbaycan daima Türkmənistanın uğurlarına və nailiyyətlərinə özününkü kimi sevinir” sözlərini sitat gətirib.

Daha sonra çıxış edən Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Çarı Qılıcov tədbirə dəvət olunduğuna görə təşəkkürünü bildirib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və bütün türkmən xalqı adından səfiri və dost Azərbaycan xalqını milli bayram – Müstəqillik Günü münasibətilə təbrik edib.

Dövlət rəhbərlərinin müdrik siyasəti nəticəsində Türkmənistanla Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və daha da inkişafı istiqamətində çoxlu işlər görüldüyünü deyən Çarı Qılıcov, ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə dinamik inkişaf etdiyini bildirib.

Dövlətlərimiz arasında hərtərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədilə geniş spektrli məsələlər üzrə razılıq əldə olunduğunu və əməkdaşlığın müxtəlif sahələrini əhatə edən möhkəm sənədlər paketi imzalandığını deyən rəsmi qonaq, Türkmənistan və Azərbaycan arasında gələcək hərtərəfli, qarşılıqlı faydalı əməkdaşlıq üçün strateji xarakter daşıyan dövlətlərarası münasibətlərin yüksək inkişaf dinamikasını qeyd etməyin vacibliyini vurğulayıb.

O, ölkələrimizin nəqliyyat-logistika, enerji, sənaye, ticarət, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin olduğunu bildirib və ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafında Xəzər dənizinin ehtiyatlarının böyük əhəmiyyət kəsb etdiyini dilə gətirib.

Qlobal iqtisadiyyatda mövcud vəziyyətə baxmayaraq, ölkələrimiz arasında ticarət dövriyyəsinin 2021-ci ildə təxminən 16 faiz artdığını və daha da artmaqda davam etdiyini məmnunluqla qeyd edən rəsmi qonaq, ticarət sahəsində mövcud potensialı reallaşdırmaq üçün işgüzar əlaqələrin stimullaşdırılması üzrə tədbirlərin fəal şəkildə davam etdirilməsinin, ixracın və idxalın artırılmasına imkan verəcək sərgilərin, biznes forumların keçirilməsinin, iqtisadi inkişafın təşviqinin yeni formalarının axtarışının zəruriliyini diqqətə çatdırıb.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatması yolunda Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının işinin mühüm rol oynadığını qeyd edən Ç.Qılıcov, hərtərəfli əməkdaşlığın inkişafının iki ölkə xalqları arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə töhfə verdiyini söyləyib.

Çıxışlardan sonra tədbir iştirakçılarına ziyafət verilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.